REGİONLAR


Əli Həsənov: Cocuq Mərcanlıda tikinti işləri əsasən başa çatdırılıb

Bakı, 25 may, AZƏRTAC

Mayın 25-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində məcburi köçkünlər üçün salınan qəsəbədə tikinti işlərinin başa çatması ilə əlaqədar real vəziyyətlə yerində tanış olub.

Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə tikinti şirkətlərinin nümayəndələrinin iştirakı ilə yeni salınan qəsəbədə inşaat işlərinin yekunlaşdırılması ilə bağlı birgə müzakirələr aparılıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpa olunması ilə bağlı Sərəncamına əsasən aparılan tikinti işləri başa çatmaq üzrədir.

Hazırda məktəb binasında və evlərdə son tamamlama işləri aparılır. Qəsəbədə tikilən 50 evdən 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır. Su, qaz, elektrik, telefon xətləri çəkilib, 100 kubmetrlik su anbarı inşa edilib. Küçələrdə gecə işıqlandırma sistemi qurulub, qəsəbədaxili yollara asfalt örtüyü çəkilir.

Dövlətimizin başçısının tapşırığına əsasən, qəsəbədə Şuşa məscidinin bənzəri də tikilməkdədir. 50 sot ərazidə inşa edilən məscidin tikinti sahəsi 556 kvadratmetr, minarələrin hündürlüyü 26 metrdir. Hazırda məscidin fasad hissəsində və damında tamamlama işləri aparılır. Minbərlərin inşası da başa çatmaq üzrədir. Məscidin həyətində dəstəmazxana, yuat yeri və qazanxana da inşa edilir. Tikinti işlərinin iyun ayının əvvəllərində başa çatdırılması nəzərdə tutulur.

Baş nazirin müavini Əli Həsənov deyib: “Lələtəpə yüksəkliyi azad ediləndən sonra Prezident İlham Əliyev Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı dərhal Sərəncam imzaladı. Hələ ulu öndər Heydər Əliyevin dövründə - 1994-cü ilin yanvarın 6-da bu ərazi işğaldan azad edilmişdi, lakin Lələtəpə yüksəkliyi düşmənin əlində olduğundan kənddə yaşamaq qeyri-mümkün idi. Hərb tariximizə qızıl hərflərlə yazılmış 2016-cı il aprel döyüşləri zamanı Lələtəpə yüksəkliyinin azad edilməsi Cocuq Mərcanlı üçün təhlükəni aradan qaldırdı. Prezident İlham Əliyevin müvafiq Sərəncamından sonra inşaatçılar vaxt itirmədən qəsəbənin tikintisinə başladılar. İlkin olaraq 50 mənzil və 100 yerlik məktəb binası tikilib. Mart ayının 20-də başlanan tikinti işləri mayın 20-də əsasən başa çatdırılıb”.

Yaxın günlərdə qəsəbənin təntənəli şəkildə açılışının olacağını, cocuq mərcanlıların buraya köçəcəyini bildirən Əli Həsənov deyib: “İndi Azərbaycanın hər yerindən buraya gəlirlər. İnsanlarda böyük ruh yüksəkliyi var. Xalq, ordu və Prezident arasında monolit birlik mövcuddur. İnşallah, bunun daha böyük nəticələrini görəcəyik. İnsanlarımız torpağa, vətəninə bağlıdır. Bu gün qaçqın və məcburi köçkünlərin problemlərinin həlli Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir. Bu siyasətin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub”.

Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan işlərin bundan sonra da davam etdiriləcəyini deyən Əli Həsənov işğal altındakı torpaqlarımızın Prezident İlham Əliyevin rəhbərliyi ilə azad olunacağına, insanların doğma torpaqlarına qayıdacağına, Cocuq Mərcanlıdan başlayan Böyük Qayıdışın onların yurd həsrətinə son qoyacağına əminliyini ifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.