SİYASƏT


Əli Həsənov: XVIII Avrasiya İqtisadi Zirvəsində Ermənistana təzyiq göstərilməsi üçün çağırışlar ediləcək

A+ A

İstanbul, 8 aprel, AZƏRTAC

XVIII Avrasiya İqtisadi Zirvəsində Ermənistana təzyiq göstərilməsi üçün çağırışlar ediləcək.

Bu sözləri aprelin 8-də İstanbulda Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə XVIII Avrasiya İqtisadi Zirvəsində iştirak edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov jurnalistlərə müsahibəsində deyib. Professor Əli Həsənov bildirib:

- Azərbaycan belə tədbirlərdə bölgənin Rusiya, Türkiyə, İran kimi böyük dövlətləri, o cümlədən regionda geosiyasi, geoiqtisadi, hərbi geostrateji maraqları olan Avropa İttifaqı ölkələri, ABŞ, Çin kimi dövlətlər ilə yanaşı bərabərhüquqlu aktor kimi iştirak edir. Ona görə də bölgənin 40-dan artıq ölkəsini təmsil edən nümayəndələrin qatıldığı Avrasiya İqtisadi Zirvəsində Azərbaycan özünün iştirakını əhəmiyyətli və aktual sayır. Azərbaycan bu Zirvədə böyük nümayəndə heyəti ilə iştirak edir. Biz burada, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışacağıq. Neçə illərdir ki, bölgədə sülhü təhdid edən Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayır. Tədbirdə təmsil olunan dövlət və qeyri-dövlət qurumlarına Ermənistana təzyiq göstərmələri üçün çağırışlar edəcəyik. Bir daha diqqətə çatdıracağıq ki, Ermənistanın yürütdüyü qeyri-konstruktiv siyasət münaqişənin uzanmasına səbəb olur. Ermənistan BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsini yerinə yetirmir. Biz bunu nümayəndə heyətlərinə bir daha xatırladacağıq.

Azərbaycan bu Zirvədə həm enerji, həm nəqliyyat-kommunikasiya, həm də bölgədə ictimai-siyası və təhlükəsizlik məsələləri ilə bağlı keçiriləcək bütün panellərdə fəal iştirak edəcək.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.