MƏDƏNİYYƏT
Əli İldırımoğlunun 90 illik yubileyi geniş auditoriyada qeyd olunub VİDEO
“Azərkitab” Kitab Təbliğatı Mərkəzinin təşəbbüsü ilə keçirilən yubiley tədbirində Milli Məclisin deputatları, ədəbiyyat, mədəniyyət və elm xadimləri iştirak ediblər
Bakı, 14 iyul, AZƏRTAC
İyulun 14-də “Azərkitab” Kitab Təbliğatı Mərkəzində yazıçı-publisist, “Şöhrət” ordenli, Əməkdar Jurnalist Əli İldırımoğlunun anadan olmasının 90 illiyi ilə əlaqədar yaradıcılıq gecəsi və 12 cilddən ibarət seçilmiş əsərlərinin təqdimatı keçirilib. Tədbir iştirakçıları əvvəlcə foyedə Ə.İldırımoğlunun bədii-publisistik fəaliyyətinə dair dövri mətbuat materialları əsasında hazırlanmış stendlə tanış olublar.
“Azərkitab” Kitab Təbliğatı Mərkəzinin təşəbbüsü ilə keçirilən tədbirdə Milli Məclisin deputatları, ədəbiyyat, mədəniyyət və elm xadimləri iştirak ediblər. Layihənin rəhbəri Sabir Həsənov qurumun fəaliyyəti, göstərdiyi xidmətlər haqqında məlumat verərək deyib: “Məqsəd ziyalıların əsərlərini gənc nəslə çatdırmaq və təbliğ etməkdir”.
Sonra Ə.İldırımoğlunun həyat və yaradıcılığından bəhs edən, tanınmış şəxslərin onun haqqında fikirlərinin yer aldığı sənədli film nümayiş olunub.
Tədbirdə filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə Ə.İldırımoğlunun ömür yolundan və Azərbaycan ədəbiyyatında mövqeyindən söz açıb.
Qeyd olunub ki, Qubadlı rayonunun Əliquluuşağı kəndində rəncbər ailəsində dünyaya göz açan Əli İldırımoğlu (Məmişov) yüzlərlə oçerk, felyeton, hekayə və povestlərdən ibarət “Yazım-yazmayım”, “Mayaklar”, “Telepat”, “Çinarlı”, “Dərd”, “Silinməz izlər” kitablarının, “Həmin adam”, “Közərən sətirlər”, “Mənim rəncbər atam”, ikihissəli “Zorən jurnalist”, habelə “Aqibət”, “Qarlı gecələr”, “Daş yağan gün” romanlarının müəllifidir.
N.Şəmsizadə deyib: “Qırx il mətbuatda jurnalist kimi xidmət etdikdən sonra 80-ci illərdən etibarən mütəmadi olaraq bədii əsərlər yazmağa başlayan Ə.İldırımoğlu Azərbaycan ədəbiyyatında öz dəst-xətti olan yazıçıdır. Əksəriyyəti bioqrafik xarakter daşıyan romanlarında Azərbaycan həyatının elə detalları, mənəviyyatın elə məqamları əksini tapır ki, onu hər kəs müşahidə edə bilməz. Ə.İldırımoğlu xalqın içində əsrlərdən bəri toplanmış mənəvi enerjini görüb və bu enerjinin gözünü aça bilib. Postmodernizmin baş alıb getdiyi ədəbi mühitimizdə Əli İldırımoğlunun əsərlərinə ehtiyac çoxdur”.
Tədbirdə Milli Məclisin deputatları - Xalq Şairi Sabir Rüstəmxanlı, yazıçı-dramaturq Hüseynbala Mirələmov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, yazıçı-publisist Aqil Abbas, Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, akademiklər Misir Mərdanov, Rafiq Əliyev, şair Ramiz Rövşən, professor Qəzənfər Paşayev və başqaları Əli İldırımoğlu haqqında ürək sözlərini bölüşüb, ona yeni-yeni yaradıcılıq uğurları arzulayıblar.
Çıxışlarda Ə.İldırımoğlunun jurnalistik fəaliyyəti, ölkəni qarış-qarış gəzməsi, Azərbaycan həyatının mürəkkəb bir dövrünü ədəbiyyata gətirməsi qeyd edilib. Bildirilib ki, Azərbaycan ədəbiyyatında ayrı-ayrı bölgələrimizin bədii lövhələrdə əksini tapdığı dəyərli əsərlər çoxdur. Lakin etiraf etmək lazımdır ki, son 100 ildə Azərbaycan nəsrində bir Qubadlı fenomeni formalaşıb. Bu mühit Azərbaycan türkcəsinə özünəməxsus dəst-xətt gətirib. Süleyman Rəhimovun, Əli Vəliyevin, bu gün isə Əli İldırımoğlunun yaradıcılığı həm də dil zənginliyi ilə seçilir. Onun əsərlərini Azərbaycan cəmiyyətinin son 60-70 ildəki ensiklopediyası hesab etmək olar. İstər publisistikası, istərsə də bədii dili ayrılıqda bir tədqiqat mövzudur. Zəngin mənəviyyata, geniş dünyagörüşünə malik Ə.İldırımoğlu cəmiyyətimizin mənəvi abidəsini, öz dövrünün ədəbiyyatını yaradıb.
Çıxışlarda, həmçinin “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin layihəsi, bu cür tədbirlərin gənclərin mənəvi tərbiyəsində rolu yüksək qiymətləndirilib.
Sonda həyatının ayrı-ayrı məqamlarından, ədəbi-publisistik fəaliyyətindən danışan, xatirələrini bölüşən Ə.İldırımoğlu tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.