ELM VƏ TƏHSİL
“Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universiteti Azərbaycanın ali təhsil müəssisələri ilə əməkdaşlıqda maraqlıdır
Bakı, 3 iyul, Elvira Məmmədova, AZƏRTAC
“Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin rəhbəri kimi Azərbaycana ilk səfərimdir. Məqsədimiz ölkənizin təhsil sistemi ilə tanışlıq və bir neçə ay bundan əvvəl Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) ilə əldə olunan razılaşmaya əsasən əməkdaşlığı davam etdirməkdir.
Bunu “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin rektoru Yaroslav Kuzminov iyulun 3-də AZƏRTAC-a müsahibəsində bildirib. ADİU ilə əməkdaşlığın uğurla davam etdiriləcəyini söyləyən qonaq, ilk növbədə, Bakıda birgə lisey yaratmaq niyyətində olduqlarını vurğulayıb. Həmçinin ADİU ilə rus dilində birgə bakalavriat proqramı, “Ali İqtisadiyyat Məktəbi”nin təşkil etdiyi ali və orta məktəblər üçün beynəlxalq olimpiadada birgə iştirak, sosioloji və iqtisadi tədqiqat layihələri və bakalavriatın əsas istiqamətləri üzrə ikili diplom proqramları həyata keçiriləcək. Biz Azərbaycanın digər ali məktəbləri ilə də əməkdaşlıqda maraqlıyıq.