SİYASƏT
Əli Laricani: Xəzər dənizinin təhlükəsizliyi sahilyanı ölkələr tərəfindən təmin olunmalıdır
Tehran, 18 aprel AZƏRTC
Azərbaycan ilə İran arasında iqtisadiyyat və turizm sahəsində geniş əməkdaşlıq əlaqələri qurulub və biz bu əlaqələrin inkişafının davam etdirilməsində maraqlıyıq.
Bu sözləri İran İslam Şurası Məclisinin sədri Əli Laricani yerli mətbuata açıqlamasında deyib.
İran parlamentinin spikeri bildirib ki, Xəzər dənizinin təhlükəsizliyi sahilyanı ölkələr tərəfindən təmin olunmalıdır və kənar dövlətlərin dənizə müdaxiləsi yolverilməzdir. İki qonşu və dost ölkə Xəzər dənizində də birgə əməkdaşlıq əlaqələrinə malikdir. Bu da dövlətlərimizin və xalqlarımızın mənafeyinə xidmət edir.
Ə. Laricani nəzərə çatdırıb ki, müdafiə sahəsində əməkdaşlıq üçün müştərək komissiyanın yaradılması təklifini müsbət qəbul edir.
Beynəlxalq terrorçuluğun İslam dini adından sui-istifadə etməsinin narahatçılıq doğurduğunu bildirən spiker İslamın sülh və əmin-amanlıq dini olduğunu qeyd edib.
Regiondakı münaqişələrin sülh yolu ilə həllinin vacibliyini nəzərə çatdıran Ə. Laricani Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin İran tərəfindən dəstəkləndiyini də diqqətə çatdırıb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran