DÜNYA
Ali Rada xarici qoşunların Ukraynaya daxil olmasına icazə verib
Kiyev, 19 yanvar, AZƏRTAC
Ukrayna Ali Radası yanvarın 19-da “2017-ci ildə beynəlmiləl hərbi təlimlərdə iştirak etmək üçün başqa dövlətlərin silahlı qüvvələrinin bölmələrinin Ukrayna ərazisinə daxil olmasına icazə verilməsi haqqında Ukrayna Prezidentinin qərarının bəyənilməsi haqqında” qanunu qəbul edib.
AZƏRTAC Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, silahlı qüvvələrin bölmələrinin hazırlığı üzrə beynəlmiləl hərbi təlimlər çərçivəsində ABŞ-ın, NATO-nun üzvü olan digər dövlətlərin və “Sülh naminə tərəfdaşlıq” proqramının iştirakçısı olan ölkələrin 3 minə yaxın hərbi qulluqçusunun təqribən 365 gün müddətinə silahlar və hərbi texnika, o cümlədən təqribən 6 təyyarə və helikopter ilə Ukrayna ərazisinə buraxılması təklif edilir.
“Si Briz -2017” Ukrayna-ABŞ təlimləri çərçivəsində ABŞ-ın, NATO-nun üzvü olan digər dövlətlərin və “Sülh naminə tərəfdaşlıq” proqramının iştirakçısı olan ölkələrin 2,5 minə qədər hərbi qulluqçusunun 2017-ci ilin iyul-sentyabr ayları ərzində 25 gün müddətinə silahlar və təqribən 10 gəmi, 5 sualtı qayıq, 10 təyyarə və helikopter, 60 vahid təkərli texnikadan ibarət hərbi texnika ilə Ukrayna ərazisinə buraxılması təklif edilir.
“Repid Traydent - 2017” Ukrayna-ABŞ təlimləri çərçivəsində ABŞ-ın, NATO-nun üzvü olan digər dövlətlərin və “Sülh naminə tərəfdaşlıq” proqramının iştirakçısı olan ölkələrin 2 minə qədər hərbi qulluqçusunun 2017-ci ilin iyun-noyabr ayları ərzində 25 gün müddətinə silahlar və təqribən 6 təyyarə, 10 helikopterdən ibarət hərbi texnika ilə Ukrayna ərazisinə daxil olmasına icazə verilməsi təklif edilir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev