İQTİSADİYYAT
Əli Tayebnia: İran və Azərbaycan qarşılıqlı investisiya qoyuluşu ilə bağlı birgə komitə yaradacaq
Tehran, 5 avqust, AZƏRTAC
İran və Azərbaycan arasında qarşılıqlı investisiya qoyuluşunun səmərəliliyini öyrənmək məqsədilə birgə komitə yaradılacaq.
Bu barədə İranın iqtisadi məsələlər və maliyyə naziri Əli Tayebnia məlumat verib. O, birgə komitənin yaradılması haqqında razılığın Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin Tehrana səfəri zamanı avqustun 4-də keçirilən görüşdə əldə edildiyini bildirib. Əlavə edib ki, hər iki tərəfdən komitəyə daxil ediləcək mütəxəssislər hansı sahələrə sərmayə qoyuluşunun daha səmərəli olmasını və digər məsələləri öyrənib hesabat hazırlayacaqlar. Bundan sonra sərmayələrin yatırılması barədə qərar qəbul ediləcək.
Əli Tayebnia diqqətə çatdırıb ki, İranın “Araz” iqtisadi zonası Azərbaycan ilə sərhəddə yerləşir və azərbaycanlı iş adamlarının bu zonaya sərmayə qoyması səmərəli olar.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran