ELM VƏ TƏHSİL
Ali məktəb işçiləri və tələbələrin respublika yarışlarının qalibləri mükafatlandırılıblar
Bakı, 1 iyul, Xatirə Cəfərova, AZƏRTAC
İyulun 1-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş, ali təhsil müəssisələrinin respublika spartakiadası və ali məktəb tələbələrinin idman növləri üzrə respublika çempionatlarının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Təhsil, Gənclər və İdman nazirlikləri, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən reallaşdırılıb.
AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev Azərbaycanda idman infrastrukturunun yaradılması istiqamətində görülmüş işlər barədə məlumat verib.
“Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurası tərəfındən bu ilin mart -may aylarında ali təhsil müəssisələrinin tələbələri arasında idmanın doqquz növü üzrə respublika çempionatlarının keçirildiyini söyləyən S.Mehbalıyev diqqətə çatdırıb ki, həmin yarışların məqsədi kütləvi bədən tərbiyəsinin inkişafı və asudə vaxtın səmərəli təşkilidir.
Bildirilib ki, çempionatların proqramına yunan-roma güləşi, sərbəst güləş, şahmat, dama, stolüstü tennis, basketbol, badminton, voleybol və atletika idman növləri daxil edilıb. Bu yarışlarda 21 ali təhsil müəssisəsindən 736 tələbə-idmançı iştirak edib. Onlardan 143-ü qadındır. Çempionatın proqramına daxil olan idman yarışlarında Bakı şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələri ilə yanaşı, Sumqayıt, Gəncə və Naxçıvan Muxtar Respublikasının ali təhsil müəssisələrinin tələbələri də iştirak edərək mükafata layiq yer tutublar.
AHİK-in sədri deyib ki, bununla yanaşı, cari ilin mayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş, ali təhsil müəssisələrinin işçiləri arasında respublika spartakiadası da keçirilib.
Spartakiadanın proqramına beş idman növü, о cümlədən şahmat, dama, nərd, stolüstü tennis və voleybol daxil olub. Bu tədbirdə 14 ali təhsil müəssisəsinin müəllim və texniki işçiləri iştirak ediblər. Spartakiada yarışlarında Bakı şəhərinin təhsil ocaqları ilə yanaşı, Gəncə və Sumqayıt şəhərlərinin komandaları da mübarizəyə qoşulublar. Bu yarışlarda 208 nəfər iştirak edib. Onlardan 27-si qadın olub.
S.Mehbalıyev qalibləri təbrik edib, uğurlar arzulayıb.
Qaliblərə diplom və hədiyyələr təqdim olunub.