ELM VƏ TƏHSİL


“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası” qalibləri mükafatlandırılıb

Bakı, 24 may, AZƏRTAC

Bakı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası” qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, 11-ci Olimpiadanın yekun nəticələrinə əsasən, Bakı Mühəndislik Universitetinin “BEU Programmers” komandası 1-ci, Bakı Dövlət Universitetinin “CtrlZ” komandası 2-ci, “ADA” Universitetinin “ADA U1” komandası 3-cü və Bakı Ali Neft Məktəbinin “BHOS2” komandası 4-cü yeri tutub.

Qaliblər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Fəxri Fərman və diplomlarla, habelə “Nar” operatoru və “BestComp Group” şirkətinin qiymətli hədiyyələri ilə mükafatlandırılıb.

Olimpiadanın məqsədi ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki biliklərinin və bu sahəyə olan marağının artırılması, habelə qaliblər sırasından seçilən tələbələrin beynəlxalq Olimpiadalara cəlb edilməsidir.

Bu il respublika üzrə 24 ali təhsil müəssisəsindən 52 komanda “www.olimpiada.az” saytında qeydiyyatdan keçərək Olimpiadada iştirak hüququ qazanıb. Paytaxt ilə yanaşı, regionlarda fəaliyyət göstərən ali təhsil müəssisələri, əsasən də, Gəncə, Mingəçevir, Sumqayıt Dövlət Universitetlərinin, Azərbaycan Texnologiya Universitetinin, eləcə də Azərbaycan Dövlət Aqrar Universiteti tələbələri bu il Olimpiadaya xüsusi maraq göstərib.

Bu il Olimpiadada müxtəlif komandaların tərkibində təmsil olunan iştirakçıların sayı 200 nəfərdən çox olub ki, onlardan da 20 nəfərdən çoxu qızlar olub.

Olimpiadanın final mərhələsində isə respublika üzrə 16 ali təhsil müəssisəsinin, o cümlədən 4-ü bölgələrdən olan 16 komandası iştirak edib və ən yaxşı nəticə göstərən 4 komanda qalib olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.