ELM VƏ TƏHSİL
Ali məktəbin tələbələri üçün infosessiya keçirilib
Bakı, 11 may, AZƏRTAC
Bakı Mühəndislik Universitetində Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi qrant müsabiqəsində məktəbin tələbələri üçün infosessiya keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Bakı Mühəndislik Universitetinin (BMU) rektoru professor Havar Məmmədov yeni yaranan universitet haqqında məlumat verib.
Fondun icraçı direktoru Elçin Zeynalov çıxışında görüşün məqsədi və fondun startap layihələrinə göstərdiyi dəstək barədə söz açıb, Samir Məmmədov isə BMU-da fəaliyyət göstərən və rəhbərlik etdiyi “Texnopark”ın fəaliyyətindən danışıb, fondun əməkdaşları tərəfindən cari qrant müsabiqəsinin şərtləri və seçim prosesi barədə məlumat verilib. Tədbir diskussiyalarla davam etdirilib və tələbələri maraqlandıran suallar cavablandırılıb.
Fondun bu günə qədər keçirdiyi 4 qrant müsabiqəsinə təqdim olunmuş 582 innovativ və tətbiqi elmi-texniki layihədən 91-nə qrant ayrılıb. Cari qrant müsabiqəsinə layihələrin qəbulu aprelin 10-dan başlayıb və hazırda davam edir. Layihələrin qəbulu iyunun 9-da saat 18:00-da başa çatır. Qrant müsabiqələrinə layihələrin qəbulu fondun rəsmi internet saytındakı (www.ictfund.gov.az) e-qrant bölməsindən təqdim oluna bilər.
Qeyd edək ki, fondun qrant müsabiqələrinin keçirilməsində əsas məqsəd gənclərin intellektual biznes, innovativ sahibkarlıq və İKT sahəsinə marağını artırmaq, bu sahədə kütləviliyi təmin etməkdən ibarətdir. Fond ali təhsil müəssisələrində yeni biznes inkubatorlarının yaradılmasına dəstək verir, həmçinin mövcud inkubatorlarda layihələrə dəstək məqsədilə mütəmadi infosessiyalar keçirir.