REGİONLAR
Ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlar mükafatlandırılıb
Qəbələ, 5 sentyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adını qazanan qəbələli məzunlarla görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətində keçirilən görüşdə rayonun orta ümumtəhsil məktəblərini bitirən məzunların cari ildə yüksək nəticələr əldə etdikləri vurğulanıb. Qeyd olunub ki, məzunlardan 14 nəfəri fərqlənmə şəhadətnaməsinə, 5 nəfəri qızıl medala layiq görülüb. Rayonun ümumtəhsil məktəbləri üzrə müvəffəqiyyət göstəricisi 99,2 faiz, keyfiyyət göstəricisi isə 65,1 faiz olub. Qəbələli məzunlardan 810 nəfəri ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edib və 460 nəfəri tələbə adını qazanıb. Ali məktəblərə daxil olan abituriyentlərdən 48 nəfəri 600-dən yuxarı, bir nəfər isə 700 bal toplayıb. Bu, Qəbələnin təhsili tarixində ən böyük göstərici hesab olunur. Ötən dərs ilində Qəbələ məktəblilərindən 5 nəfəri respublika fənn olimpiadalarında medal qazanıb ki, onlardan biri qızıl, biri gümüş və üçü gümüş mükafatçıdır.
Məzunlar arasında ən yüksək nəticəni Vəndam qəsəbə 3 saylı tam orta məktəbin məzunu Xəyalə Əfəndiyeva əldə edib. O, qəbul imtahanlarında 700 bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına daxil olub. Həmzəli kənd orta məktəbinin məzunu Zöhrə Sıracbəyli və Qəbələ şəhər 1 saylı tam orta məktəbin məzunu Təranə Şirinbəyli isə 695 balla müvafiq olaraq Qafqaz Universitetinə və Azərbaycan Tibb Universitetinə qəbul olunublar.
Rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev ən yüksək bal toplayan tələbələri qazandıqları uğur münasibətilə təbrik edərək onlara Fəxri fərman və qiymətli hədiyyələr təqdim edib.