MƏDƏNİYYƏT
Ali təhsil müəssisələrində keyfiyyətin təminatının yüksəldilməsi barədə müzakirələr aparılıb
Bakı, 16 fevral, M.Dadaşov, AZƏRTAC
Fevralın 16-da Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Ali təhsil müəssisələrində keyfiyyətin təminatının yüksəldilməsi” mövzusunda növbəti beynəlxalq seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, otuzdan çox ali təhsil müəssisəsinin təmsil olunduğu tədbir ATMU ilə Avropa İttifaqı arasında əməkdaşlıq çərçivəsində təşkil edilib.
Universitetin rektoru vəzifəsini icra edən Eldar Aslanov bildirib ki, tədbirinin keçirilməsinin məqsədi keyfiyyətin təminatı sahəsində mövcud vəziyyət, institusional və milli səviyyələrdə keyfiyyətin yüksəldilməsi imkanları barədə fikir mübadiləsi aparmaqdır. Həmçinin beynəlxalq əməkdaşlığın əsas alət kimi nəzərə alınması, beynəlxalq müştərək proqramların qarşılıqlı tanınması mexanizmlərinin yaradılması, Avropa standartları ilə tarazlığın qorunması və səmərəlilik təsirlərini təhlil və müzakirə etməkdir.
E.Aslanov diqqətə çatdırıb ki, universitetində Avropa təhsil məkanına uğurlu inteqrasiya, eləcə də ali təhsil sistemində islahatların həyata keçirilməsinə kömək göstərilməsi məqsədilə təhsil proqramları, onların hazırlanması, tədris və təlim resursları, dəstək xidmətləri ilə əlaqədar standartlar barədə mütəmadi seminarlar təşkil edilir və müzakirələr aparılır.
Təhsil Nazirliyinin əməkdaşı Vüsalə Qurbanova, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Vüqar Məmmədov ölkəmizdə ali təhsil müəssisələrində keyfiyyətin təminatının yüksəldilməsi istiqamətində görülən işlərdən danışıblar. Bildirilib ki, ATMU-da keyfiyyət təminatı şöbəsinin fəaliyyət göstərməsi vacib məqamdır. Belə bir strukturun mövcudluğu ali təhsilin keyfiyyətinin təkmilləşdirilməsinə töhfə verir, eyni zamanda, universitetlərdə ümumi tədris prosesinin gedişatına müsbət təsir göstərir.
Seminarda Avropa Universitetlər Assosiasiyasının ali təhsil siyasəti bölməsinin eksperti Teresa Zanq ali təhsildə keyfiyyətin təminatının mövcud vəziyyəti barədə məruzə ilə çıxış edib. O, həmçinin Azərbaycanın ali təhsil müəssisələrinin keyfiyyət şöbələrinin əməkdaşları ilə müzakirələr aparıb.