ELM VƏ TƏHSİL
Ali təhsil müəssisələrində narkomanlığa qarşı mübarizəyə dair maarifləndirmə tədbirləri keçirilib
Bakı, 21 dekabr, AZƏRTAC
Ali təhsil müəssisələrində narkomanlığa qarşı mübarizəyə dair maarifləndirmə tədbirləri keçirilib.
Görüşlərdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, Təhsil, Daxili İşlər və Səhiyyə nazirliklərinin nümayəndələri iştirak ediblər.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, noyabrın 21-dən başlanan maarifləndirmə tədbirləri Azərbaycan Dillər Universitetində, Bakı Slavyan Universitetində, Azərbaycan Texniki Universitetində, Azərbaycan Memarlıq və İnşaat Universitetində, Qafqaz Universitetində təşkil edilib.
Tədbirlərdə narkotiklərin və narkomanlığın cəmiyyətə, insanların sağlamlığına ziyanından danışılıb, narkomanlığa qarşı keçirilən tədbirlərin əhəmiyyətindən bəhs edilib.
Sonda toplantılarda iştirak edən tələbələrə zəruri təbliğat materialları paylanılıb.
Qeyd edək ki, maarifləndirmə tədbirləri Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində keçirilib.