ELM VƏ TƏHSİL
Ali təhsil müəssisələrinə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirəsi keçirilmişdir VİDEO
Bakı, 19 fevral (AZƏRTAC). Fevralın 19-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Bakıdakı 276 nömrəli orta məktəbdə 2013/2014-cü tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirəsi keçirmişdir.
AZƏRTAC xəbər verir ki, Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Sumqayıt, Şuşa, Zəngilan və Qubadlı rayonlarının təhsil şöbələrinin rəhbərlərinin, eləcə də Bakının Binəqədi, Nərimanov, Nəsimi, Nizami, Qaradağ, Xəzər, Sabunçu, Səbail, Suraxanı, Xətai, Yasamal, Abşeron rayonlarının orta məktəb direktorlarının iştirak etdikləri müşavirədə həmin rayonların məzunlarının qəbul imtahanlarında göstərdikləri nəticələr geniş müzakirə olunmuşdur.
TQDK-nın sədri Məleykə Abbaszadə 2013-cü ildə keçirilmiş qəbul imtahanlarının elmi-statistik təhlilinə dair ətraflı məruzə ilə çıxış etmişdir. Bildirmişdir ki, son 2 ildə Bakı şəhəri üzrə qəbul imtahanlarında iştirak edən məzunların qəbulolunma göstəricilərini müqayisə etdikdə, artım müşahidə olunur. Əgər 2012-ci ildə qəbul imtahanlarında iştirak edən məzunların 51,75 faizi tələbə adını qazanmışdısa, 2013-cü ildə imtahanlarda iştirak edən məzunların 55,91 faizi ali məktəbə qəbul olunmuşdur.
Abituriyentlərin qəbul imtahanlarında topladıqları orta balın ötən illə müqayisədə artdığını qeyd edən M.Abbaszadə 2012-ci ildə Bakı şəhəri məzunlarının qəbul imtahanlarında topladıqları orta balın 238.911-ə, 2013-cü ildə isə 244.737-yə bərabər olduğunu söyləmişdir. Cari ilin bu nəticəsi respublika üzrə orta göstəricidən 8,4 faiz yuxarıdır. Ölkə üzrə dövlət sifarişli yerlərə qəbul olunan 9559 nəfər cari il məzunundan 3314 nəfəri Bakı ümumtəhsil müəssisələrinin məzunlarının payına düşür (16.54 faiz).
Diqqətə çatdırılmışdır ki, Bakı şəhərinin Azərbaycan bölməsinin abituriyentlərinin biologiya fənni üzrə göstəricisi respublikanın orta göstəricisindən aşağıdır (fərq 3,10 faiz). Ana dili, ədəbiyyat, riyaziyyat, fizika, kimya, tarix, coğrafiya və ingilis dili fənləri üzrə göstəricilər respublika üzrə orta göstəricilərdən yuxarıdır. Şəhərin rus bölməsi üzrə isə abituriyentlərin göstəriciləri biologiya və coğrafiya fənləri üzrə respublikanın orta göstəricilərindən aşağıdır. Biologiyadan fərq 2,64 faiz, coğrafiyadan isə 1,63 faiz təşkil edir. Ana dili, ədəbiyyat, riyaziyyat, fizika, kimya, tarix, ingilis dili fənləri üzrə göstəricilərin respublika üzrə orta göstəricilərdən yuxarı olduğu qeyd edilmişdir.
Şəhərin ümumtəhsil məktəblərinin buraxılış imtahanında iştirak edən 19 min 456 məzunundan 17 min 412 nəfəri hər iki fənn üzrə müvəffəq qiymət almışdır. Onların buraxılış imtahanında ana dili fənni üzrə topladıqları orta bal 18.79-a, riyaziyyat fənni üzrə topladıqları orta bal 18.54-ə, hər iki fənn üzrə birlikdə topladıqları orta bal isə 37.33-ə bərabərdir. Bu, respublika üzrə orta göstəricidən müvafiq olaraq 21,88 faiz, 21,06 faiz, 21,45 faiz yuxarıdır.
Paytaxt üzrə IX sinif məzunlarının buraxılış imtahanlarında hər iki fəndən topladıqları ballar da respublika göstəricisindən yuxarıdır. Şagirdlərin 75,42 faizi hər iki fənndən müsbət qiymət almışdır.
Tədbirdə Sumqayıt şəhərinin, həmçinin Abşeron, Qubadlı, Zəngilan və Şuşa rayonlarının orta məktəb məzunlarının da son 2 ildə qəbul imtahanlarında əldə etdikləri nəticələr barədə məlumat verilmişdir.
Sonra müzakirələr aparılmış, suallar cavablandırılmışdır.