ELM VƏ TƏHSİL
Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu başlanmışdır VİDEO
Bakı, 1 aprel (AZƏRTAC). Aprelin 1-də 2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu başlanmışdır.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildirmişlər ki, ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2014-cü ildə keçiriləcək qəbul imtahanlarında iştirak etmək üçün ərizələrin qəbulu 30-dək aparılacaqdır.
Göstərilən müddət ərzində abituriyentlər TQDK-nın müvafiq internet səhifəsinə (eservices.tqdk.gov.az/erizebak) daxil olub, şəxsiyyəti təsdiq edən sənəddən və TQDK-nın virtual ödəmə kartından istifadə etməklə “Abituriyentin elektron ərizəsi” formasını doldurmalı və təsdiqini təmin etməlidirlər.
Virtual ödəmə kartını internet ödəmə xidmətləri vasitəsilə və ya 7725 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar.
Aşağıda göstərilən kateqoriyalardan olan abituriyentlər elektron ərizələrini aprelin 1-dən 30-dək sənəd qəbulu komissiyalarına (SQK) müraciət etmədən elektron ərizə səhifəsinə daxil olub özləri təsdiq edirlər: ölkəmizin ümumi təhsil müəssisələrini tam orta təhsil səviyyəsi üzrə 2014-cü ildə bitirən abituriyentlər; ümumi təhsil müəssisələrini tam orta təhsil səviyyəsi üzrə 2012-ci və 2013-cü illərdə bitirən qız abituriyentlər; ilk-peşə ixtisas təhsili müəssisələrini 2013-cü və 2014-cü illərdə bitirən qız abituriyentlər; 2012-ci və ondan sonrakı illərdə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə verib onu təsdiq etdirmiş qız abituriyentlər.
Digər abituriyentlər elektron ərizələrini tələb olunan sənədləri təqdim etməklə aprelin 7-dən 30-dək müvafiq SQK-larda təsdiq etdirməlidirlər.
Ərizə qəbulu elanının tam mətni “Abituriyent” jurnalının 2-ci nömrəsində dərc olunmuşdur.