CƏMİYYƏT


Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri açıqlanıb VİDEO

A+ A

Bakı, 20 avqust, AZƏRTAC

Avqustun 20-də Azərbaycan Respublikası ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri elan olunub.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildiriblər ki, abituriyentlər müsabiqənin nəticələri barədə məlumatı TQDK-nın internet saytından və iş nömrələrini bütün mobil operatorlardan 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək üçün 19 min 124 abituriyent ixtisas seçimi edib. Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 553 nəfər, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 6 min 838 nəfər qəbul olub.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olanların siyahısı “Abituriyent” jurnalının doqquzuncu nömrəsində, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların siyahısı isə “Abituriyent” jurnalının onuncu nömrəsində dərc ediləcək.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olan abituriyentlər avqustun 22-dən 31-dək, orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar isə avqustun 22-dən 30-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.