ELM VƏ TƏHSİL


Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ixtisas seçimi başlayıb

Bakı, 9 iyun, AZƏRTAC 

İyunun 9-dan etibarən 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına ixtisas seçimi başlayıb.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, ixtisas seçimi iyunun 19-dək aparılacaq. İxtisas seçiminə 2017-ci ildə magistraturaya keçirilən qəbul imtahanının iki mərhələsinin nəticələrinə əsasən, müsabiqə şərtlərini ödəyən bakalavrlar buraxılırlar.

Bakalavrlar "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə imtahan verdiyi qəbul proqramına aid dövlət sifarişi əsasında və ödənişli əsaslarla olan 20-dək ixtisaslaşma kodunu göstərə bilərlər. Bakalavrın seçdiyi ixtisaslar onun imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına (bəzi ixtisaslar üçün xarici dilə qoyulan tələbə) müvafiq olmalıdır.

Bakalavr seçdiyi ixtisasları istədiyi ardıcıllıqla DİM-in internet saytında öz elektron ərizə formasına daxil edir, hər bir ixtisas üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd edir və öz ixtisas seçimini təsdiqləyir.

Seçilmiş ixtisasların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

Magistraturada dövlət hesabına təhsil almış magistrlər yalnız ixtisaslaşmaların təhsili ödənişli əsaslarla olan yerlərinin kodlarını seçə bilərlər.

Xarici dil imtahanını ərəb və ya fars dili üzrə verən bakalavrlar “İxtisaslaşma seçimi cədvəli”nə əsasən, yalnız 38 saylı və ya 46 saylı proqrama aid olan ixtisaslaşmaları seçə bilərlər.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Menecment (təhsilin təşkili və idarə olunması)", “Pedaqogika nəzəriyyəsi və tarixi”, “Təhsildə qiymətləndirmə və monitorinq” ixtisaslaşmalarını yalnız təhsil ixtisasları qrupunun ixtisaslarından birini bitirib 27 saylı proqram üzrə imtahan vermiş bakalavrlar seçə bilərlər.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturasına qəbul müsabiqə Azərbaycan və rus bölmələri üzrə birgə olmaqla yalnız dövlət sifarişi əsasında aparılır. Müsabiqə şərtini ödəyən və AMEA-nın magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar iyunun 9-dan 12-dək elektron qeydiyyatdan, iyunun 13-dən 16-dək isə AMEA-da müsahibədən keçməlidirlər.

Fövqəladə Hallar Nazirliyinin Akademiyasının magistraturasının ixtisaslaşmalarını yalnız həmin akademiyanın məzunları seçə bilərlər.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, yalnız ixtisaslaşmaların təhsili ödənişli əsaslarla olan yerlərinin kodlarını seçə bilərlər.

Müsabiqə qəbul imtahanının birinci və ikinci mərhələsində toplanılan balların cəminə (ümumi bala) əsasən aparılır.

Müsabiqəyə yalnız müəyyən edilmiş vaxt ərzində "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar. Ərizə təsdiq edildikdən sonra onda heç bir dəyişiklik etmək mümkün olmayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.