ELM VƏ TƏHSİL
Ali təhsil müəssisələrinin magistraturalarına 6361 bakalavr qəbul olunub
Bakı, 16 avqust, AZƏRTAC
2017/2018-ci tədris ilində magistraturaya qəbul imtahanında iştirak etmək üçün ümumilikdə 13081 (ötən il 24110) bakalavr qeydiyyatdan keçib.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, bu il daha hazırlıqlı və aydın məqsədi olan namizədlərin ərizə qəbulunda iştirakı gözlənilirdi və müsabiqənin nəticələri də gözləntilərin doğrulduğunu bir daha sübut edir.
Bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə 7703 plan yeri ayrılıb və müsabiqənin nəticələrinə əsasən, 6361 bakalavr (Azərbaycan bölməsi üzrə 5826, rus bölməsi üzrə 535) magistratura səviyyəsinə qəbul olunub. Onlardan 2358 nəfəri dövlət sifarişi əsasında təhsil almaq hüququ əldə edib. Ali təhsil müəssisələrinə qəbul planı 82,58 faiz dolub, 1342 plan yeri (17,42 faiz) boş qalıb. Xatırladaq ki, 2016/2017-ci tədris ilində plan yerlərinin dolma faizi 63,39 faiz olub.
Müsabiqənin nəticələrinə əsasən, Azərbaycan Tibb Universitetində, Prezident yanında Dövlət İdarəçilik Akademiyasında, Bakı Musiqi Akademiyasında, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında, Fövqəladə Hallar Nazirliyinin Akademiyasında plan yerləri tam dolub. Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Turizm və Menecment Universiteti, Milli Aviasiya Akademiyası, Mingəçevir Dövlət Universitetinin plan yerləri isə 90 faiz və daha çox dolub.
Magistraturaya qəbulda plan yerlərinin dolma göstəricisi üzrə ən zəif nəticə Bakı İslam Universitetinə (8,33 faiz) aiddir.