ELM VƏ TƏHSİL
Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul elan edilir
Bakı, 28 iyul, AZƏRTAC
Ali təhsil müəs¬sisələrinin magistraturalarının boş qalan yerlərinə qəbul bu il fevralın 22-də və aprelin 26-da keçirilmiş ikimərhələli qəbul imtahanında toplanmış ballar əsasında müsabiqə yolu ilə aparılır.
Cari ildə ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub qeydiyyatdan keçən bakalavrların boş qalan yerlərə keçirilən müsabiqədə iştirak hüququ yoxdur.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildiriblər ki, bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün iyulun 29-da saat 10.00-dan avqustun 5-i saat 10.00-dək TQDK nın internet saytının müvafiq səhifəsinə daxil olub seçdiyi ixtisaslaşmaların kodlarını “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə qeyd etməklə təsdiqləməlidirlər.
Bakalavrlar TQDK-nın yeni virtual ödəmə kartını almalı və ixtisaslaşma seçimini təsdiqləmək üçün həmin kartın şifrindən istifadə etməlidirlər.
Boş qalan yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının altıncı nömrəsində dərc olunub. Hər bir bakalavr imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq olan 20-dək ixtisaslaşma kodunu seçə bilər.
Bakalavr ixtisaslaşma kodlarının sayını və ardıcıllığını istədiyi kimi seçib ərizəsində göstərir. Seçilmiş ixtisaslaşmaların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların birincisinə yerləşdirilir.
Dövlət hesabına magistraturada təhsil almış magistrlər dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər.
Bakalavrlar TQDK-nın nəşrlərinin elektron versiyalarının onlayn satışı sistemindən istifadə yolu ilə kredit kartı vasitəsilə ödəniş etməklə “Magistr” jurnalının altıncı nömrəsinin elektron versiyasını da əldə edə bilərlər.