ELM VƏ TƏHSİL
Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbulun nəticələri haqqında statistik məlumat VİDEO
Bakı, 16 avqust, AZƏRTAC
2016/2017-ci tədris ilində magistraturaya qəbul imtahanında iştirak etmək üçün ümumilikdə 24 min 110 bakalavr qeydiyyatdan keçib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildiriblər ki, iki mərhələdə keçirilən imtahanın nəticələrinə əsasən, 5 min 184 bakalavr respublikanın ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub. Lakin qəbul olanlardan 730 nəfəri (14 faiz) müəyyən olunmuş vaxtda ali məktəblərdə qeydiyyatdan keçməyib. Boş qalan plan yerlərinə aparılan müsabiqədə isə əlavə olaraq 305 nəfər magistratura səviyyəsinə qəbul olub.
Bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə Azərbaycan bölməsi üzrə 5 min 142 (69.85 faiz), rus bölməsi üzrə 825 (11.21 faiz), birgə müsabiqə əsasında isə 1395 (18.95 faiz) yer olmaqla ümumilikdə 7 min 362 plan yeri ayrılıb. İmtahanının nəticələrinə əsasən, 4 min 769 bakalavr (Azərbaycan bölməsi üzrə 4312, rus bölməsi üzrə 457) magistratura səviyyəsinə qəbul olunub. Onlardan 2 min 209 nəfəri dövlət sifarişi əsasında təhsil almaq hüququ əldə edib. Qəbul planı 64.78 faiz dolub. Plan yerlərindən 2 min 593-ü (35.22 faiz) boş qalıb.
Bu il yalnız Azərbaycan Tibb Universitetində plan yerləri tam, Qafqaz Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Musiqi Akademiyasının plan yerləri 90 faiz və daha çox, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının plan yerləri isə 80 faizdən çox dolub.
Magistraturaya qəbulda plan yerlərinin dolma göstəricisi üzrə ən zəif nəticə Bakı Avrasiya Universitetinə (14.29 faiz) aiddir.