REGİONLAR
Ali təhsil ocaqları dövlətin və dövlətçiliyin iqtisadi və intellekt potensialının göstəricisidir
Sumqayıt-Abşeron, 15 sentyabr, AZƏRTAC
15 sentyabr – Bilik günündə Sumqayıt Dövlət Universiteti qapılarını tələbələrinin üzünə açıb.
AZƏRTAC xəbər verir ki, Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbiri universitetin rektoru, professor Elxan Hüseynov açaraq, tədris ilinə hazırlıqla bağlı görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Universitetin 55 illik şərəfli yol keçdiyini qeyd edən rektor təhsil və elm sahəsində əldə olunan nailiyyətlərdən də söz açıb. Bildirilib ki, ali məktəbin zəngin maddi-texniki bazası var. Bir çox fakültələrdə yeni tədris laboratoriyaları istifadəyə verilib və Linqvistik Mərkəz fəaliyyətə başlayıb.
Rektor qəbul imtahanlarında yüksək bal toplayan birinci kurs tələbələrinə tələbə biletləri təqdim edib.
Tələbələr çıxışlarında Sumqayıt Dövlət Universitetinin adını daim yüksək tutacaqlarını bildiriblər.
Tədbirin sonunda universitetin marşı səsləndirilib.
X X X
Bilik günü münasibətilə Qafqaz Universitetində ənənəvi tədbir keçirilib.
Rektor, professor Havar Məmmədov qonaqları salamlayıb, tələbə adını qazanan tələbələri təbrik edib.
Bildirilib ki, ali təhsil ocaqları hər zaman dövlətin və dövlətçiliyin iqtisadi və intellekt potensialının göstəricisi olub. Qafqaz Universiteti də Azərbaycanın təhsil sistemində xüsusi yeri olan universitetlərdən biridir. Hazırda universitet 3 fakültədə 24 ixtisas üzrə qəbul aparır. Bu il qəbul imtahanlarında 600-700 arası bal toplayan 229 tələbə Qafqaz Universitetini seçib, 399 tələbə isə dövlət sifarişi ilə qəbul olunub.
Qafqaz Universitetinin rektoru ali təhsil ocağının inkişafı və tələbələrin asudə vaxtının səmərəli təşkili üçün lazımi addımların atılacağını da vurğulayıb.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova ümummilli lider Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” şüarını əsas tutaraq, Qafqaz Universitetinin yüksəkixtisaslı kadr potensialının yaradılmasında rolundan danışıb.
Milli Məclisin deputatı Aydın Mirzəzadə və Təhsil Nazirliyinin nümayəndəsi Sülhəddin Gözəlov tələbələri təbrik edib, xoş arzularını çatdırıblar.
Bədii hissə ilə davam edən tədbirdə 650 baldan yuxarı nəticə göstərərək Qafqaz Universitetini seçən 60 tələbəyə hədiyyələr təqdim olunub.