ELM VƏ TƏHSİL
Ali təhsilin magistratura səviyyəsinə qəbul üçün keçirilmiş müsabiqənin nəticələri açıqlanıb
Bakı, 21 iyun, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına müsabiqənin nəticələrini mərkəzin internet saytında yerləşdirib.
Bakalavrlar qəbulun nəticələri ilə bağlı məlumatı DİM-in internet saytından və mobil telefondan iş nömrəsini 7727 nömrəsinə SMS göndərməklə öyrənə bilərlər.
Qəbul olunanların siyahısı “Magistr” jurnalının beşinci nömrəsində dərc olunacaq.
Müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 8.189 bakalavrdan 6.233-ü respublika ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. Onlardan 2.352-si dövlət sifarişi, 3.881-i isə ödənişli əsaslarla təhsil alacaqlar. Qəbul olunanların 3.906-sı ali təhsil müəssisələrinin cari, 2.327-si isə əvvəlki illərin məzunudur.
Bundan əlavə, iki bakalavr idman sahəsi üzrə, dörd bakalavr isə incəsənət sahəsi üzrə yüksək səviyyəli beynəlxalq yarışların və müsabiqələrin qalibi olduğu üçün magistratura səviyyəsinin müvafiq ixtisaslarına müsabiqədənkənar qəbul edilib.
Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunanlar 2017-ci il iyunun 29-dan iyulun 10-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Göstərilən müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcəklər.