SİYASƏT


“Əli və Nino” filmi ABŞ Dövlət Departamentində  tamaşaçıları heyran edib VİDEO

Vaşinqton, 3 iyul, AZƏRTAC 

Amerikanın Beynəlxalq Diplomatik Xidmət Əməkdaşları (The Associates of the American Foreign Service Worldwide) Assosiasiyasının təşkilatçılığı ilə ABŞ Dövlət Departamentinin əsas zallarından biri olan Corc Marşal Auditoriyasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın layihə rəhbəri və icraçı prodüseri olduğu “Əli və Nino” filmi nümayiş olunub.

Tədbirdə Dövlət Departamentinin çoxsaylı əməkdaşları, Vaşinqtonda akkreditə olunmuş səfirlər və ictimai xadimlər iştirak ediblər.

Amerikanın Beynəlxalq Diplomatik Xidmət Əməkdaşları Assosiasiyasının proqram direktoru Şeyla Svitzer çıxış edərək filmin Qurban Səidin “Əli və Nino” romanı əsasında çəkildiyini və iki gənc arasında yaşanan sevgi hekayəsindən, eləcə də, Birinci Dünya müharibəsi dövründə Azərbaycanda, eləcə də, ümumilikdə Qafqaz regionunda baş verən hadisələrdən bəhs etdiyini qeyd edib.

Amerikanın Beynəlxalq Diplomatik Xidmət Əməkdaşları Assosiasiyasının Prezidenti Coanna Asanasopoulos Oven çıxış edərək filmin ABŞ Dövlət Departamentində nümayiş olunması üçün göstərdiyi dəstəyə görə Azərbaycanın bu ölkədəki səfirliyinə minnətdarlığını bildirib. O, Oskar mükafatçısı Asif Kapadianın rejissoru olduğu “Əli və Nino” filminin çəkilişində məşhur beynəlxalq kino ulduzlarının, eləcə də, Mendi Petinkinin, Adam Bakrinin, Mariya Valverdenin və Halit Ergençin yer aldığını diqqətə çatdırıb.

Səfir Elin Süleymanov çıxış edərək “Əli və Nino” filminin ABŞ Dövlət Departamentində nümayiş etdirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd edib. O, “Əli və Nino” romanının tarixi əhəmiyyətindən danışaraq azərbaycanlı və gürcü gənclərin birgə və azad yaşamaq üçün mübarizə apardıqlarını, Azərbaycanın müstəqilliyi naminə böyük qurbanlar verdiklərini və bunun da hazırkı gənc nəsillər üçün bir nümunə olduğunu vurğulayıb. E.Süleymanov filmdə də göstərildiyi kimi dövlət müstəqilliyinin həm Azərbaycan, həm də Gürcüstan xalqları üçün qürur mənbəyi olduğunu bildirib, ABŞ tərəfinin bu amilə xüsusi diqqət yetirməsini tövsiyə edib. O, adı çəkilən roman əsasında çəkilmiş “Əli və Nino” filminin regionumuzdakı milli kimliklərin və onlar arasında qarşılıqlı münasibətlərin başa düşülməsi üçün maraqlı təqdimat rolunu oynaya biləcəyini qeyd edib. E.Suleymanov, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti, filmin icraçı prodüseri Leyla Əliyevaya, eləcə də, yaradıcı heyətə minnətdarlığını bildirib.

Qeyd edək ki, “Əli və Nino” filmi ABŞ Dövlət Departamentində ilk dəfədir nümayiş etdirilir.

 

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.