MƏDƏNİYYƏT


“Əli və Nino” filmi Los-Ancelesdə nümayiş etdirilib VİDEO

A+ A

Bakı, 26 oktyabr, AZƏRTAC

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın layihə rəhbəri və icraçı prodüseri olduğu “Əli və Nino” bədii filmi ABŞ-ın Los-Anceles şəhərində keçirilən Asiya Filmləri Dünya Festivalı çərçivəsində sənətsevərlərə təqdim edilib.

Oktyabrın 24-də sözügedən festivalın ilk açılış filmi kimi nümayiş etdirilən film tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Bu barədə AZƏRTAC-a Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan məlumat verilib.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun dəstəyi ilə keçirilən nümayişdə Hollivud kino sənayesinin tanınmış nümayəndələri, “Oskar” və “Emmi” mükafatçıları və nominantları, müxtəlif kino prodüserləri, rejissorları, aktyorları və digər şəxslər iştirak ediblər. “Əli və Nino” filminin nümayişinə olan böyük ictimai maraq festival təşkilatçılarının ikinci kinozalı açaraq tamaşaçıların ixtiyarına verməsinə səbəb olub. Filmdəki Əli rolunun ifaçısı Adam Bakri də nümayişdə iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev Azərbaycanın müasir tarixi, o cümlədən XX əsrdə iki dəfə müstəqillik əldə etməsi, müsəlman dünyasında ilk dünyəvi demokratik respublika qurması və qadınlara ABŞ-dan da əvvəl səsvermə hüququ verməsi barədə danışıb. “Əli və Nino” əsərinin yüksək tarixi və mənəvi dəyərlərindən danışan diplomat bildirib ki, bu əsər nəinki iki gəncin ülvi məhəbbətindən, eləcə də Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizədən və ölkəmizin qədim tolerantlıq və multikulturalizm ənənələrindən bəhs edir. Əsərin yüksək ustalıqla ekranlaşdırıldığını qeyd edən baş konsul belə bir möhtəşəm film layihəsinin ərsəyə gəlməsinin Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və Fondun vitse-prezidenti və filmin icraçı prodüseri Leyla Əliyevanın hərtərəfli dəstəyinin nəticəsində mümkün olduğunu bildirib. Hollivudun məşhur nəşrlərindən olan “Variety” jurnalının, “Sony” şirkətinin və hər il “Qızıl kürə” mükafatının sahiblərini müəyyənləşdirən nüfuzlu Hollivud Xarici Mətbuat Assosiasiyasının rəsmi tərəfdaşlar olduqları festivalın açılış filmi kimi “Əli və Nino” filminin seçilməsinin təqdirəlayiq hal olduğunu qeyd edən N.Ağayev vurğulayıb ki, bu, filmin yüksək keyfiyyətinin və dəyərinin bariz göstəricisidir.

Qeyd edək ki, Kaliforniyada səfərdə olan Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Asim Mollazadə və Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev də nümayişdə iştirak edərək bu əvəzsiz ekran əsərinə tamaşa ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.