MƏDƏNİYYƏT


“Əli və Nino” filmi Nyu-York izləyicilərini heyran edib

A+ A

Nyu-York, 16 noyabr, AZƏRTAC

Nyu-York şəhərində yazıçı Qurban Səidin dünyada bestseller olan eyniadlı romanı əsasında Azərbaycanda çəkilən “Əli və Nino” bədii filminin premyerası baş tutub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın layihə rəhbəri və icraçı prodüseri olduğu bu ekran əsərinin premyerası Nyu-Yorkun məşhur “Sunshine” kinoteatrında keçirilib.

Tədbirdə çıxış edən filmin prodüseri Kris Tikye dözümlülük və multikulturalizmin dövrümüzün və günümüzün ən aktual məsələlərindən biri olduğunu vurğulamış, “Əli və Nino” filminin bu mövzuda cəmiyyətə, insanlara əhəmiyyətli mesaj göndərdiyini bildirib. Kris Tikye filmin ərsəyə gəlməsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın xüsusi rolunu qeyd edib. Onun sözlərinə görə Leyla Əliyevanın güclü Azərbaycan kimliyi və dərin Vətən sevgisi bu filmin reallığa çevrilməsinə və uğurlu alınmasına mühüm töhfə vermiş faktorlardandır.

Tədbirə kino industriyasının dünyaca məşhur simalarından olan Kris Tikyedən başqa, filmdə Əli rolunu canlandıran Adam Bakri və Mendi Petinkin də xüsusi qonaq qismində qatılıblar. Adam Bakri nümayişdən əvvəl çıxış edərək “Əli və Nino” filminin fərqli yerlərdən olan fərqli insanları bir araya gətirən güclü sevgi hekayəsi olduğunu bildirib.

Premyerada Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov da çıxış edərək Qurban Səidin müəllifi olduğu bu əsərinin həm ölkəmizin, həm də bölgəmizin tarixinin və mədəniyyətinin olduqca vacib hissəsini əks etdirdiyini vurğulayıb. Həmçinin, Elin Süleymanov qeyd edib ki, mədəni irsimizin mühüm parçalarından biri olan “Əli və Nino” əsəri əsasında çəkilmiş bu film bölgədəki milli kimliklərin və onlar arasında qarşılıqlı münasibətlərin başa düşülməsi üçün maraqlı təqdimat rolunu oynaya bilər. Məhz buna görə, Elin Süleymanov belə müstəsna əsər əsasında filmin nəhayət ki, işıq üzü görməsində xüsusi əməyi və töhfəsi olan Leyla xanım Əliyevaya dərin minnətdarlığını ifadə edib.

“Əli və Nino” filmi izləyicilər tərəfindən maraq və alqışlarla qarşılanıb. Nümayişin sonunda çoxsaylı izləyicilər filmin onlarda dərin emosional iz buraxdığını qeyd ediblər.

“Əli və Nino” filmi Nyu-Yorkda kinoteatrlarda nümayiş etdiriləcək.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Nyu-York

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.