MƏDƏNİYYƏT


“Əli və Nino” filminin premyerası Heydər Əliyev Mərkəzində VİDEO

A+ A

Bakı, 30 sentyabr, AZƏRTAC

Oktyabrın 5-də Heydər Əliyev Mərkəzində “Əli və Nino” filminin Azərbaycanda premyerası olacaq.

AZƏRTAC xəbər verir ki, yazıçı Qurban Səidin dünyada bestseller olan eyniadlı romanı əsasında çəkilən filmin təqdimat mərasimində ekran əsərinin yaradıcı heyəti də iştirak edəcək.

Çəkilişləri 2015-ci il ərzində aparılan “Əli və Nino” filminin süjet xətti Azərbaycanın müstəqillik uğrunda mübarizəsi və XX əsrin əvvəlində ölkəmizin Rusiya tərəfindən işğalı fonunda müxtəlif dinlərə etiqad edən iki gəncin sevgi hekayəsi üzərində qurulub.

Filmin icraçı prodüseri Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru “BAFTA” mükafatı sahibi Asif Kapadia, ssenari müəllifi isə “Academy Award” mükafatı laureatı Kristofer Hemptondur.

Çəkilişlər Bakının müxtəlif məkanlarında, o cümlədən tarixi İçərişəhərdə, Qobustan, Xınalıq, Gəncə və Gədəbəydə aparılıb. 104 dəqiqəlik ekran əsərində baş rollarda Adam Bakri (Əli) və Mariya Valverde (Nino) çəkiliblər. Filmdə, həmçinin Halit Ergenç, Mendi Petinkin, Fəxrəddin Manafov, Konni Nilson, Rikkardo Samariko, Humayon Erşardi, Əsad Buab, Numan Akar və digər məşhur aktyorlar iştirak ediblər.

“Əli və Nino”nun ilk nümayişi 2016-cı il yanvarın 27-də ABŞ-ın nüfuzlu “Sundance” beynəlxalq film festivalı çərçivəsində olub. Ekran əsəri festivalda 3 gün ərzində “Premyera” kateqoriyasında təqdim edilib.

Film Azərbaycanda oktyabrın 6-dan başlayaraq “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq. Ekran əsəri Azərbaycan və ingilis dillərindədir.

Qeyd edək ki, oktyabrın 24-də başlayacaq Asiya Dünya Film Festivalı “Əli və Nino” filmini açılış mərasimində nümayiş olunacaq ekran əsəri kimi seçib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.