DÜNYA
“Alibaba” şirkəti “Rəqəmsal İpək yolu”nu yaradır
Pekin, 21 aprel, AZƏRTAC
Çinin internet ticarət nəhəngi “Alibaba Group” şirkəti “Rəqəmsal İpək yolu”nun yaradılmasına başlayır.
Ötən il “Alibaba Group”un sahibi Cek Ma inkişaf etməkdə olan ölkələrin kiçik və orta sahibkarlarının dünya bazarına çıxışını daha asanlaşdırmaq üçün dünya elektron ticarət platformasının (eWTP) yaradılacağını elan etmişdi. Bu təşəbbüs Çinin Xancou şəhərində “Böyük iyirmilər”in zirvə toplantısının yekun sənədində də əksini tapmışdı.
Bildirilir ki, eWTP bir neçə mərkəzdən – qədim İpək yolu üzərində yerləşən ölkələri birləşdirən azad ticarət üçün rəqəmsal zonadan ibarət olacaq. Bununla həmin ölkələrin kiçik və orta sahibkarlarına müxtəlif xidmətlərə, o cümlədən ödəniş, logistika, anbar, valyuta mübadiləsi, gömrük rəsmiləşdirilməsi, sığorta xidmətlərinə çıxış təmin ediləcək. Rəqəmsal mərkəzlər ixrac-idxal prosedurunun sadələşdirilməsinə imkan yaradacaq.
Artıq belə bir rəqəmsal mərkəz mart ayında Malayziyada işə başlayıb. Hazırda Xancou şəhərində də Çində ilk rəqəmsal mərkəzin yaradılması üzərində iş aparılır.
“Alibaba Group” ümid edir ki, mayda Pekində keçiriləcək “Bir kəmər, bir yol” strategiyası çərçivəsində beynəlxalq əməkdaşlığa dair forumda iştirak edən ölkələr “Rəqəmsal İpək yolu” təşəbbüsünə yüksək səviyyədə dəstək verəcəklər.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin