SİYASƏT
“Əlil İdmançılara Dəstək” İctimai Birliyi Ermənistanın mülki əhalini hədəfə almasını şiddətlə qınayır
Bakı, 7 iyul, AZƏRTAC
“Əlil İdmançılara Dəstək” İctimai Birliyi (İB) Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin atəşə tutulması nəticəsində Sahibə Allahverdiyevanın və nəvəsi 2 yaşlı Zəhra Quliyevanın həlak olması, digər mülki şəxs Sərvinaz Quliyevanın yaralanması və mülki obyektlərə xeyli dərəcədə ziyan vurulması ilə bağlı bəyanat yayıb.
AZƏRTAC xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin mülki şəxsləri hədəfə almasının şiddətlə qınandığı bəyanatda deyilir: “Azərbaycan ərazilərinin 20 faizinin işğalı nəticəsində minlərlə günahsız insan vəhşicəsinə qətlə yetirilib, yaralanıb, əlil olub, əsir və girov götürülüb. Milli və dünya mədəniyyətinə aid dini, mədəni, mülki, sosial və digər obyektlər vandalizmə məruz qalaraq tamamilə dağıdılıb və talan olunub. Azərbaycanın müxtəlif yerlərində, həmçinin müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar erməni terroruna məruz qalıb, Ermənistanda etnik təmizləmə aparılaraq monoetnik dövlət yaradılıb, yüz minlərlə insanın hüquq və azadlığı kobudcasına pozulub.
Ermənistanın terrorçu hakimiyyəti beynəlxalq qurumların sülh çağırışlarına, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə, BMT Baş Məclisinin, AŞPA, Avropa İttifaqı və digər beynəlxalq təşkilatların qərarlarına məhəl qoymayaraq, beynəlxalq hüquqa etinasız və saymazyana münasibət göstərməkdə davam edir.
"Əlil İdmançılara Dəstək" İctimai Birliyi olaraq beynəlxalq təşkilatlara, tərəqqipərvər ictimaiyyətə, insanlığa, humanizmə və insan haqlarına hörmət edən qurumlara müraciət edərək Azərbaycana qarşı aparılan erməni təcavüzünə, işğala, terrora bitərəf qalmamağa, yalnız bəyanatların qəbul edilməsi formasında deyil, həqiqi nəticəsi olan fəaliyyətlərin görülməsinə çağırırıq.
Biz, Azərbaycanın Ermənistan tərəfindən zəbt olunmuş ərazilərinin beynəlxalq hüquq normalarına uyğun, dünya ölkələri və BMT tərəfindən tanınmış sərhədlər çərçivəsində bərpa olunmasını, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasını, regionda sülhün, ədalətin bərpa olunmasını, insanların hüquq və azadlığının təmin olunmasını tələb edirik və beynəlxalq ictimaiyyəti buna biganə qalmamağa çağırırıq”.