İDMAN
Əlil idmançılarımız Belarusda beynəlxalq yarışlarda iştirak edəcəklər
Minsk, 4 avqust, AZƏRTAC
Avqustun 5-də Minsk ətrafında Borovaya aedromunda arabalı əlillərin tandemdə paraşütlə tullanma üzrə yarışları keçiriləcək. AZƏRTAC BELTA-ya istinadla xəbər verir ki, dünya şöhrətli arabalı idmançı-rəqqaslar paraşütlə tullanacaqlar.
Yarışlar Beynəlxalq Paraşüt-Rəqs Festivalının proqramında nəzərdə tutulub. Belarusun Əlil İdmançılara Yardım Fondunun sədri , ölkənin Əməkdar Məşqçisi Valeri Kolomiyets bildirib ki, avqustun 4-də Minsk aeroklubunda əlil arabalarında idman rəqsləri üzrə XIX açıq Belarus çempionatı keçiriləcək. Əlil arabalarında idman rəqsləri üzrə dünya, Avropa çempionatlarının qaliblərinin və mükafatçılarının, habelə Dünya Kuboku sahiblərinin nümunəvi çıxışları olacaq. Tədbirdə əlillər arasında “Boulinq” adlı yeni idman növünün təqdimatı da nəzərdə tutulub. Festival əfsanəvi təyyarəçi, Sovet İttifaqı Qəhrəmanı Aleksey Maresyevin xatirəsinə və İkinci Dünya müharibəsində Qələbənin 71-ci ildönümünə həsr olunub.
Tədbirdə Azərbaycan, Belarus və Rusiya nümayəndələri iştirak edəcəklər. Prezident İdman Klubunun və Belarus Paralimpiya Komitəsinin dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Belarusun Əlil İdmançılara Yardım Fondu, Belarus Əlil Arabalarında Rəqs və Bədii Gimnastika Federasiyası, İdman və Turizm Nazirliyidir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk