DÜNYA
Əlil rəssam dişlərində tutduğu fırça ilə Dubay əmirinin portretini yaradıb
Abu-Dabi, 5 iyul, AZƏRTAC
Hindistanlı rəssam Cesfer Keralite fırçasını dişlərinin köməyi ilə idarə edərək Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Maktumla oğlu Şeyx Hamdan bin Məhəmməd bin Rəşid Al Maktumun böyük və realist portretini yaradıb.
Uşaqlıqdan əzələ atrofiyasından əziyyət çəkən Cesfer son bir neçə ildir əlil arabasına məhkum olub. O, Əmirin portretini çəkmək üçün 500 saatdan çox qan-tər içində çalışıb. Rəssamın dediyinə görə, bəzən onun üzərində gündə iki-üç saat, bəzən bütün gün və ya bütün gecə işləyib.
Heç vaxt BƏƏ-də olmayan 31 yaşlı rəssam bu jesti ilə fiziki imkanları məhdud olan insanlara və paralimpiyaçılara göstərdiyi dəstəyə görə Şeyx Məhəmmədə təşəkkürünü bildirib.
Bildirilir ki, Dubay Əmirinin böyük portretini çəkməyə, ona hörmət və ehtiramını bildirməyə rəssamı Əmirin bu ilin aprelində əlillərin yeni statusunu elan etməsi, onları “qətiyyətli insanlar” adlandırması faktı ruhlandırıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Abu-Dabi