CƏMİYYƏT
Əlil uşaqların reabilitasiya mərkəzlərinə cəlb olunması məqsədilə maarifləndirmə işləri aparılıb
Bakı, 9 sentyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə “Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda” Cəmiyyəti “Sağlamlıq imkanları məhdud uşaqların sayı 1000 nəfərdən çox olan rayonlarda/şəhərlərdə (Biləsuvar) icma əsaslı sosial reabilitasiya mərkəzlərinin yaradılması” layihəsini uğurla həyata keçirir.
Cəmiyyətdən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində Biləsuvar rayonunda əlilliyi olan uşaqların icma əsaslı sosial reabilitasiya mərkəzlərinə cəlb olunması və onların hüquqlarının dəstəklənməsi məqsədilə maarifləndirmə işləri aparılıb, dəfələrlə ailələrlə görüşlər təşkil edilib. Cəmiyyət tərəfindən 13 nəfərin hüquqi problemlərinin həllinə kömək üçün aidiyyəti orqanlara müraciət edilib.
Maarifləndirmə işləri nəticəsində yerlərdə sosial problemlər öyrənilib ki, bu da qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində tövsiyələrin hazırlanması ilə bağlı iştirakçılara baza bilikləri verib. Araşdırmalar zamanı o da məlum olub ki, kəndlərdə yaşayan əlil uşaqların icma əsaslı sosial reabilitasiya mərkəzlərinə cəlb edilməsində problemlər var. Səbəb isə onlara şamil olunmuş qanunlardan məlumatsızlıqdır.