CƏMİYYƏT
Əlil uşaqların təhsilinin keyfiyyətinə nəzarət diqqətdə saxlanılır
Bakı, 28 mart, AZƏRTAC
“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin Təhsil Nazirliyinin dəstəyi ilə reallaşdırdığı “Əlil uşaqların xüsusi məktəb və siniflərdə, evdə fərdi təhsilinin keyfiyyətinə ictimai nəzarət” adlı layihə çərçivəsində “Zəngi” liseyində tədbir keçirilib.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri Tahir Xudiyev həyata keçirilən layihənin əsas məqsədinin əlil uşaqların cəmiyyətə inteqrasiya etməsindən, bu uşaqların xüsusi məktəb və siniflərdə, evdə fərdi təhsilinin keyfiyyətinə ictimai nəzarət etməkdən və onların keyfiyyətli təhsil imkanlarının artırılmasına kömək göstərməkdən ibarət olduğunu deyib.
Layihənin Bakının Nizami rayonu və respublikamızın Lerik rayonunda reallaşdırıldığını söylən T.Xudiyev əlil uşaqların xüsusi diqqətə, nəvazişə ehtiyacları olduğunu qeyd edib.
Tədbirdə çıxış edənlər layihənin vacibliyini vurğulayıb, fiziki qüsurlu uşaqların cəmiyyətə inteqrasiya etməsi, onlara verilən təhsilin keyfiyyətinin artırılması istiqamətində görülən işlərdən danışıblar.