CƏMİYYƏT
Əlil vətəndaşlar cəmiyyətimizin bərabərhüquqlu üzvləridir
Bakı, 30 noyabr, AZƏRTAC
Beynəlxalq əlillər günü ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin dəstəyi ilə 150-dən çox əlil uşaq üçün Dənizkənarı Milli Parkdakı “Yaxt klub”da musiqili-əyləncəli tədbir keçirilib.
Tədbirdə rayondakı əlil uşaqlar, Daun Sindromlu Şəxslərin Assosiasiyası və UAFA əlil uşaqlar təşkilatının üzvləri, Saray qəsəbəsindəki uşaq evində tərbiyə olunan, həmçinin 219 saylı evdə məktəbdə təhsil alan əlil uşaqlar iştirak ediblər.
Tədbirdə qeyd edilib ki, Səbail rayonunda qeydiyyatdan keçmiş 2963 nəfər müxtəlif əlillik dərəcəsinə malik vətəndaş yaşayır. Onların arasında əmək, Böyük Vətən və Qarabağ müharibəsi əlilləri, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edənlər, həmçinin gözdən əlillər, anadangəlmə xəstələr və müxtəlif səbəblərdən əlil olmuş insanlar var. Hazırda Sosial Müdafiə Fondunun rayon şöbəsində 362 nəfər tənha, əlil qeydiyyatdadır ki, onlara 31 nəfər sosial işçi xidmət göstərir.
Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədr müavini Cəbrayıl Mahmudlu dövlətimizin və şəxsən Prezident İlham Əliyevin əlil vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə Səbail rayonunda həyata keçirilən işlərdən danışıb. Bildirilib ki, əlil vətəndaşlara, xüsusilə də əlil uşaqlara diqqət və qayğı cəmiyyətimizin hər bir üzvünün borcudur. Əlillərlə bağlı müxtəlif tədbirlərin həyata keçirilməsi dövlət tərəfindən hər zaman diqqət mərkəzində saxlanılır. Yalnız bu il ərzində rayon icra hakimiyyəti tərəfindən əlil vətəndaşlar, xüsusilə də əlil uşaqlarla bağlı xeyli tədbir təşkil olunub. Bu il Səbaildə yaşayan müxtəlif kateqoriyadan olan 70 əlil Naftalan, Lənkəran, Qəbələ rayonlarındakı və Mərdəkan qəsəbəsindəki istirahət mərkəzlərinə göndərilib. Əlil uşaqların təhsil almalarının təmini üçün yaradılan təhsil müəssisələrindən biri Səbaildə 1941-ci ildən fəaliyyət göstərən 219 saylı evdə məktəbdir. Hazırda bu məktəbdə müxtəlif dərəcəli əlilliyi olan 745 nəfər uşaq 11 illik təhsil alır. Onlara 262 müəllim dərs keçir. 2014-2015-ci təhsil ilinin yekununda məktəbin məzunlarının 58 faizi respublikamızın və bir sıra xarici dövlətlərin ali məktəblərinə qəbul olub.
Digər çıxışçılar əlil vətəndaşlarımıza və xüsusilə də əlil uşaqlara göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Qeyd edilib ki, əlillər cəmiyyətin bərabərhüquqlu üzvləridir və onların ölkədə gedən bütün proseslərdə fəal iştirakı təmin olunmalıdır.
Sonda icra hakimiyyəti tərəfindən 150 nəfər əlil uşağa hədiyyələr təqdim olunub və maddi yardım göstərilib. İncəsənət ustaları, şən klounlar öz mahnıları və ifaları ilə görüşü uşaqların yaddaşında daha yaddaqalan və mənalı ediblər.