CƏMİYYƏT
Əlillər təşkilatı problemləri araşdırır, çıxış yolları axtarır
Bakı, 5 may, AZƏRTAC
Mayın 5-də Azərbaycan Əlil Təşkilatları İttifaqının (ƏTİ) XIV ümumi yığıncağı keçirilib.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Əlillərin Hüquqlarının Müdafiəsi Gününə həsr olunmuş tədbirdə ƏTİ-nin prezidenti Davud Rəhimli əlillərin aktual problemləri və onların həlli yolları barədə danışıb. Yığıncaqda bildirib ki, Azərbaycan 2008-ci ildə BMT-nin Əlillərin Hüquqları barədə BMT-nin Konvensiyasına qoşulub. Hazırda əlillərin məşğulluğun təmin olunması həlli vacib məsələlərdən biri kimi qeyd olunub. Onların təhsil sahəsində olan problemlərinin məşğulluğun təmin olunmasına birbaşa təsir etdiyi və bunun nəticəsində əlillərin böyük əksəriyyətinin işsiz olduğu bildirilib.
Qeyd edilib ki, problemlərin tədricən həlli üçün qanunların icra olunmasının icra mexanizminin dəqiqləşdirilməsinə, işəgötürənlərə güzəştlərin tətbiq olunmasına, qanunların və digər hüquqi-normativ aktların yerinə yetirilməsinə nəzarətin gücləndirilməsinə, o cümlədən ictimai nəzarətin artırılmasına ehtiyac var.
İttifaqın prezidenti hesabat dövründə təşkilat öz missiyası və məqsədlərinə uyğun olaraq inklüziv cəmiyyətin formalaşması, əlilliyi olanların təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi və dəstəklənməsi istiqamətlərində bir sıra işlər görüldüyünü söyləyib. Onun dediyinə görə, “Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” adlı “Tempus” layihəsi çərçivəsində Avstriya, Polşa və Yunanıstan ali təhsil müəssisələrinə səfərlər təşkil edilib, təlimlər keçirilib, təcrübə mübadiləsi aparılıb. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə “Hamı üçün bərabər imkanlar - Universal Dizayn Mərkəzinin yaradılması və infrastrukturun monitorinqi” layihəsinin icrası başa çatdırılıb, həmçinin ƏƏSMN-in sosial sifarişi əsasında Yardımlıda “Günərzi qayğı” mərkəzi yaradılaraq fəaliyyətə başlayıb.
Tədbirdə yekun qətnamə qəbul olunub.