CƏMİYYƏT
Əlillərin cəmiyyətə fəal inteqrasiyası üçün ölkəmizdə hərtərəfli şərait yaradılıb
Bakı, 6 dekabr, AZƏRTAC
Bakı Slavyan Universitetində (BSU) Beynəlxalq Əlillər Gününə və bu ali təhsil ocağının 70 illik yubileyinə həsr olunmuş “Qəhrəmanlar əbədidir” adlı tədbir keçirilib.
BSU-dan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi yad edilib.
Tədbirdə universitetin prorektoru, dosent Xanım Sultanova bu gün haqqında ətraflı məlumat verib, dövlətimizin əlil və qayğıya ehtiyacı olan vətəndaşlara göstərdiyi yüksək diqqətdən danışıb.
Digər çıxış edənlər əlillərin cəmiyyətə fəal inteqrasiyası üçün ölkəmizdə yaradılan şəraitdən söz açıblar. Bildirilib ki, Prezident İlham Əliyev vətəndaşların problemlərinə daim böyük həssaslıqla yanaşır, əlillərin, müharibə veteranlarının, şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılmasına ciddi önəm verir. Bu gün ölkəmizdə sosial qayğıya ehtiyacı olan vətəndaşların, o cümlədən fiziki imkanları məhdud şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Sonra tələbələrin çıxışları dinlənilib, Qarabağ şəhidləri barədə videoçarx göstərilib.
Tədbir çərçivəsində universitetin foyesində fiziki məhdudiyyətli gənclərin əl işlərindən ibarət sərgi nümayiş etdirilib.
Sonda X.Sultanova və BSU-nun tələbələri universitetin ictimai həyatında fəal iştiraklarına görə mükafatlandırılıblar.