CƏMİYYƏT
Əlilliyi olan şəxslər 14,5 mindən çox protez-ortopedik məmulat və reabilitasiya vasitəsilə təmin edilib
Bakı, 6 iyul, AZƏRTAC
Cari ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən əlilliyi olan şəxslərin 14 min 506 protez-ortopedik məmulat və reabilitasiya vasitəsilə təminat olunub.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, ƏƏSMN-in Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncədəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən əlilliyi olan şəxslərə 214 əlil arabası, 581 aşağı və yuxarı ətraf protezi, 897 aşağı və yuxarı ətraf ortezi, bel və boyun nahiyəsi üçün 295 korset, 259 ədəd dördayaqlı dayaq vasitəsi, 610 cüt dirsəkaltı ağac, 755 əsa verilib. Həmçinin 1234 cüt protez, 2283 cüt ortopedik ayaqqabı, 386 cüt qoltuqaltı ağac, 47 eşitmə aparatı, müxtəlif növlərdə 4662 reabilitasiya vasitəsi və s. təqdim edilib. Əlilliyi olan şəxslərə məxsus 383 reabilitasiya vasitəsi və protez-ortopedik məmulat təmir olunaraq yenidən onların istifadəsinə verilib.
Ümumilikdə qeyd olunan dövrdə 4787 nəfər əlilliyi olan şəxs, o cümlədən ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş 644 vətəndaş protez-ortopedik bərpa xidmətləri ilə təmin edilib.
Mərkəzin və onun Gəncədəki filialının stasionar bölmələrində isə 286 şəxsə reabilitasiyayönümlü xidmətlər göstərilib.