CƏMİYYƏT


Əlilliyi olan şəxslərin VII Ümumrespublika bədii yaradıcılıq baxış-müsabiqəsi qaliblərinin iştirakı ilə konsert proqramı təqdim olunub

A+ A

Bakı, 1 dekabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşkil edilən Əlilliyi olan şəxslərin VII Ümumrespublika bədii yaradıcılıq baxış-müsabiqəsi qaliblərinin iştirakı ilə konsert proqramı təqdim olunub. Konsertin tamaşaçıları arasında dövlət və qeyri-dövlət qurumlarından məsul şəxslər, millət vəkilləri, görkəmli incəsənət xadimləri də olub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirin açılışında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin əlillərə xüsusi diqqət və qayğısı bu insanların reabilitasiyası və cəmiyyətə inteqrasiyası işlərinin ildən-ilə güclənməsi ilə yanaşı, onların bacarıq və qabiliyyətlərinin, yaradıcılıq imkanlarının cəmiyyətə təqdim olunması və dəstəklənməsi məqsədilə ümumrespublika miqyaslı tədbirlərin də uğurla davam etdirilməsinə şərait yaradıb.

S.Müslümov əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların reabilitasiya potensiallarının reallaşdırılması və cəmiyyətə inteqrasiyasının ölkədə həyata keçirilən sosial siyasət kursunun əsas istiqamətlərindən olduğunu vurğulayıb: “Ölkədə sosial təminat sistemi ilə əhatə olunan əhali kontingentinin mühüm bir hissəsini əlilliyi olan şəxslər təşkil edir. Yəni Azərbaycan Prezidentinin aylıq təqaüdü ilə təmin olunanların 71 faizi, əmək pensiyası alanların 29 faizi əlilliyi olan şəxslərdən ibarətdir. Həmçinin aylıq sosial müavinət ödənilən şəxslərin 61 faizi əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlardır. Onlar üçün nəzərdə tutulan sosial ödənişlər də mütəmadi olaraq artır. Belə ki, pensiyaların orta aylıq məbləği 2003-2015-ci illərdə 10,3 dəfədən çox, 2016-cı ilin 9 ayında isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz artıb. Eyni zamanda, son on ildə sosial müavinətlərin orta aylıq məbləğində 3 dəfəyə yaxın, müharibə əlillərinə 2008-ci ildən ödənilən Prezident təqaüdlərinin məbləğində iki dəfədən çox artım qeydə alınıb”.

Nazir bildirib ki, əlilliyi olan şəxslərin bir hissəsi də müharibə əlilləridir. Bu vaxta qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 5500 nəfərə yaxın şəxs mənzillə təmin edilib ki, onlardan 4,1 min nəfəri müharibə əlilləri, habelə gözdən əlillər olub. Eləcə də ötən dövrdə nazirliyin xətti ilə 5,9 min nəfərə qədər müharibə əlili və onlara bərabər tutulan şəxsin avtomobillə təminatı həyata keçirilib: “Əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiya tədbirləri ilə əhatə olunmasına da xüsusi diqqət yetirilir. Nazirliyin 15 bərpa müəssisəsi fəaliyyət göstərir ki, bu müəssisələr tərəfindən təkcə bu ilin 10 ayında 19,4 min nəfərdən çox əlilliyi olan şəxsə bərpa-müalicə və protez-ortopedik xidmətlər göstərilib. 2015-ci ildə və cari ilin ötən dövründə 400 nəfərə yaxın əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq isə nazirlik tərəfindən xaricə ixtisaslaşmış bərpa-müalicəsinə göndərilib”.

S.Müslümov diqqətə çatdırıb ki, inklüziv əmək bazarının inkişaf etdirilməsi, o cümlədən əlilliyi olan şəxslərin əmək bazarına çıxış imkanlarının asanlaşdırılması yönündə də müvafiq işlər aparılır: “Onların əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnmələrində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə 2013-cü ilin dekabrında açılışı olan Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi mühüm rola malikdir. Cari ilin 1 noyabr tarixinədək həmin Mərkəzdə 1000 nəfərə qədər sağlamlıq imkanları məhdud gənc peşə hazırlığı kurslarına qəbul edilib”. Nazir hazırda stasionar və səyyar formada sosial xidmətlərlə təmin edilənlərin mühüm bir hissəsinin əlilliyi olan şəxslərdən və sağlamlıq imkanları məhdud uşaqlardan ibarət olduğunu qeyd edib.

S.Müslümov əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası yönündə həyata keçirilən tədbirlər sırasında onların yaradıcılıq imkanlarının təbliği və dəstəklənməsi məqsədilə keçirilən ümumrespublika səviyyəli tədbirlərin də mühüm yer tutduğunu bildirib. 3 Dekabr - Beynəlxalq Əlillər Günü ərəfəsində Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq şəraitində Əlillərin VII Ümumrespublika bədii yaradıcılıq baxış-müsabiqəsinin keçirilməsi ilk növbədə əlilliyi olan şəxslərin cəmiyyətə fəal şəkildə inteqrasiyasına xidmət edir: “Yeni başa çatmış bu baxış-müsabiqədə ilk mərhələdə ölkənin bütün bölgələri üzrə 500 nəfərə yaxın əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq bədii yaradıcılığın müxtəlif növləri üzrə öz bacarıqlarını nümayiş etdiriblər. Onlardan yekun mərhələdə iştirak edən 136 nəfərdən (o cümlədən 33 nəfər sağlamlıq imkanları məhdud uşaq) ilk yerlərə layiq görülənlərə diplom və mükafatlar, həmçinin digərlərinə həvəsləndirici təşəkkürnamə və mükafatlar verilib”.

S.Müslümov bu tədbirin nazirliyin “2016-cı il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən təşkil edildiyini diqqətə çatdırıb.

Nazir bildirib ki, bu gün ölkədə əlilliyi olan şəxslərlə bağlı aparılan işlər BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasından irəli gələn öhdəliklərin icrası sahəsində Azərbaycanda fəal və məqsədyönlü siyasətin həyata keçirildiyini deməyə əsas verir: “Təsadüfi deyil ki, həmin Konvensiyanın icrası ilə bağlı Azərbaycan hökumətinin təqdim etdiyi hesabat, habelə ölkədə əlilliyi olan şəxslərə dair qanunvericiliyin həmin Konvensiyanın prinsipləri əsasında təkmilləşdirilməsi istiqamətində aparılan işlər BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinin 11-ci sessiyasında müsbət dəyərləndirilib”. S.Müslümov ölkədə ildən-ilə güclənən sosial siyasət kursunun əlilliyi olan şəxslərin sosial müdafiəsi və reabilitasiyası, onların cəmiyyətə inteqrasiyası yönündə tədbirlərin qarşıdakı dövrdə uğurla davam etdirilməsinə imkan yaradacağını vurğulayıb.

Əlilliyi olan şəxslərin bədii yaradıcılığın müxtəlif növləri (muğam, mahnı və romans, instrumental ifaçılıq, bəstəkarlıq, rəqs və bədii qiraət, poeziya) üzrə təqdim etdikləri konsert proqramı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.