REGİONLAR
Alim, pedaqoq, rəssam, sənətkar, kolleksiyaçı... VİDEO
Gəncə, 20 iyun, Rauf Hacıyev, AZƏRTAC
Qılınc, qalxan, xəncər, bıçaq, dəbilqə, təskulə, qolçaq... Orta əsrlərin ən qanlı savaşlarında döyüşçülərin istifadə etdiyi bu silahlar, yaraq-əsləhələr, hərbi geyim və müdafiə vasitələri keçmişin cansız şahidləri kimi bu gün yalnız muzeylərimizi bəzəmir, onlar Gəncədə yaşayan sənətkarın əlində özünün ikinci ömrünü, bədii dəyərini qazanır və görənləri heyran qoyur.
AZƏRTAC xəbər verir ki, Gəncədə yaşayıb yaradan Şaiq Məmmədov artıq 30 ilə yaxındır dekorativ-tətbiqi sənətkarlığın bədii metal işləmə növündə filiqran texnikası ilə məşğul olur və qiymətli sənət əsərləri yaradır.
Gənclik illərində təsviri sənətin qrafika janrında fəaliyyət göstərən və bir neçə maraqlı əl işləri yaradan Şaiq Məmmədovun bədii metalişləmə sənətinə vurğunluğu sonradan bu sahədə onun bir sıra qiymətli sənət nümunələri yaratmasına səbəb olub.
Bu gün Gəncə Dövlət Universitetinin təsviri incəsənət kafedrasında çalışan professor Şaiq Məmmədov həm metalişləmə sahəsində yüksək bədii zövqlə ən nəfis və dəyərli nümunələr yaradır, həm də sənətinin sirlərini, elmi-nəzəri əsaslarını tələbələrinə öyrədir.
Bununla belə Şaiq Məmmədov yalnız rəssam, sənətkar kimi deyil, həm də müxtəlif xalq sənəti nümunələrinin toplayıcısı kimi də fəaliyyət göstərir. Hazırda sənətkarın böyük zəhmət hesabına hazırladığı müxtəlif sənət nümunələri, eləcə də ayrı-ayrı şəxslərdən topladığı zəngin kolleksiya Gəncə Dövlət Universitetinin Xalq Sənətkarlarının Yaradıcılıq Mərkəzində sərgilənir.
Mərkəzdəki eksponatların əksəriyyətini Şaiq Məmmədovun müxtəlif vaxtlarda hazırladığı orta əsr döyüş silahları, qadınlar üçün hazırlanan zərgərlik nümunələri-sırğalar, üzüklər, qolbaq, bilərzik və boyunbağılar, üzərində Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, Dədə Qorqudun təsvirləri həkk olunan kitab üzlükləri, şamdan, qələm və alışqanlar təşkil edir. Bununla belə mərkəzdə Gəncə və ətraf rayonlarda yaşayan sənətkarların təsviri incəsənətin və dekorativ tətbiqi sənətkarlığın müxtəlif janrlarında, fərqli üslub və texnikalarda hazırladıqları dəyərli əsərlər də nümayiş olunur.
Sənətkar bildirir ki, bədii metalişləmə dekorativ-tətbiqi sənətkarlığın ən ağır və böyük zəhmət tələb edən növlərindən biri olsa da, bu sahəyə gənclər, tələbələr arasında böyük maraq var. Lakin gənclərin sənət növü ilə daha geniş məşğuliyyətini məhdudlaşdıran səbəblərdən biri hazırlanan nümunələrdə əsasən xammal kimi daha qiymətli metal və daşlardan istifadə olunmasıdır.
Şaiq Məmmədov bildirib ki, fərdi yaradıcılıq emalatxanaları təşkil etməklə yaradıcı gəncləri bu sahəyə cəlb etmək və bədii metalişləmə sənətinin ölkədə daha mənfəətli sahəyə çevrilməsinə nail olmaq mümkündür.
Dəfələrlə yerli və beynəlxalq sərgilərdə, şəhər və ölkə əhəmiyyətli tədbirlərdə iştirak edən Şaiq Məmmədov demək olar ki, hər dəfə Gəncəyə və uzun illərdir çalışdığı kollektivə uğurla qayıdıb. Onun yaradıcılıq işləri istər yerli, istərsə də xarici sənətsevərlər tərəfindən maraqla qarşılanıb, təltiflərə layiq görülüb.
Bu gün Şaiq Məmmədovun yüksək ustalıqla, incə dəqiqliklə hazırladığı nəfis sənət nümunələri dünyanın bir sıra tanınmış nüfuzlu elm və mədəniyyət xadimlərinin, böyük iş adamlarının, həmçinin hökumət və dövlət başçılarının şəxsi kolleksiyalarını bəzəyir.
Sənətkarın yaradıcılığı və elmi-pedaqoji fəaliyyəti işlədiyi kollektiv və Azərbaycan dövləti tərəfindən də yüksək qiymətləndirilib. Belə ki, Şaiq Məmmədov 2007-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə xalq sənətinin inkişafındakı xidmətlərinə görə “Əməkdar rəssam” fəxri adına layiq görülüb, 2010-cu ildən isə Gəncə Dövlət Universitetinin professorudur.