ELM VƏ TƏHSİL
Alimin 90 illik yubileyi qeyd olunub
Bakı, 21 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunda geologiya-mineralogiya elmləri doktoru, professor Rəsmi Abdullayevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.
Geologiya və Geofizika İnstitutu ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə alimin mənalı ömür yolu və elmi yaradıcılığından danışıb.
Qeyd olunub ki, R. Abdullayev Azərbaycan Sənaye İnstitutunda və Moskva Neft İnstitutunun geofiziki kəşfiyyat metodları kafedrasının aspiranturasında təhsil alıb. 1954-cü ildə namizədlik və 1973-cü ildə doktorluq dissertasiyası müdafiə edib.
Dəyərli elmi əsərin müəllifi olan alimin elmi kadrların hazırlanmasında da mühüm xidmətləri olub.
Çıxış edən digər alimlər də R.Abdullayevin geofizika elminin inkişafındakı xidmətlərindən, əsərlərinin əhəmiyyətindən bəhs edib, onunla bağlı xatirələrini söyləyiblər.