CƏMİYYƏT
Alimlər Alsheymer xəstəliyinin inkişafını yavaşıda biliblər
Bakı, 25 iyul, AZƏRTAC
Alimlər Alsheymer xəstəliyinin beyində əmələ gətirdiyi dəyişiklikləri yavaşıdan ilk dərman preparatı hazırlayıblar.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, “Solanezumab” adlandırılan dərman preparatı xəstəliyin başlanğıc mərhələsində yaddaşın itməsinin qarşısını alır. Preparat bir neçə il ərzində səmərəli olduğunu göstərsə də, tam sağalmanı təmin etmir.
Böyük Britaniyada Alsheymer Xəstəliyinin Tədqiqi Mərkəzinin başçısı Erik Karranın sözlərinə görə, bu, ilk preparatdır ki, alimlər xəstəliyə təsir edə biliblər. Yəni bu hadisəni sağalmaz xəstəliyə qarşı mübarizədə əsl sıçrayış hesab etmək olar.
Hazırda Alsheymer xəstəliyini müalicə edən dərmanlar onun əlamətlərini müvəqqəti yüngülləşdirir. Alimlər düşünürlər ki, yaxşı təsirə müvəffəq olmaq üçün müxtəlif təsirli preparatların kombinasiyasını qurmaq lazımdır. ABŞ Milli Səhiyyə İnstitutu bu il həmin dərmanın tədqiqinə 586 milyon dollar sərf etməyi planlaşdırır.