CƏMİYYƏT
Alimlər Atlantik okeanın başının üstünü almaqda olan ekoloji fəlakət barədə xəbərdarlıq edirlər
Bakı, 24 noyabr, AZƏRTAC
AZƏRTAC “BBC News”a istinadla xəbər verir ki, alimlər Riu-Dosi çayına zəhərli tullantıların düşməsi ilə əlaqədar Atlantik okeana ekoloji fəlakətin yaxınlaşması barədə xəbərdarlıq edirlər.
Təbiəti mühafizə orqanları müəyyən ediblər ki, tərkibində civə, arsen, xrom və maqnezium olan, insanın işlətməsi üçün yol verilən maksimum səviyyədən yüksək olan miqdarda tullantı Rio-Dosi çayının aşağı axını ilə 500 kilometrdən çox məsafə qət edib.
Əvvəllər bu birləşmələri “Samarco” şirkətinə məxsus dəmir mədəninin üstündəki torpaq bəndi saxlayırdı. İki həftə əvvəl – noyabrın 5-də bənd uçub. Hidrobiologiya mütəxəssisi Andres Ruçi bildirib ki, tullantılar Atlantik okeana düşsə, onun akvatoriyasına məhvedici təsir göstərəcək.
A.Ruçi deyib ki, çayın okeana tökülən hissəsi çox nadir heyvan növləri, o cümlədən tısbağaların, delfinlərin və balinaların məskənidir. İstehsalat tullantıları Braziliyanın cənub-şərqində və Atlantik okeanının cənub hissəsinin yarısında qida zəncirini poza bilər.
Riu-Dosi çayının suyunun içməli su kimi istifadəsi artıq qadağan edilib. Hakimiyyət orqanları və şirkət zərər çəkən rayonlara qablaşdırılmış içməli su göndərirlər. Buna baxmayaraq, təqribən 150 min adamın hələ də “Samarco” şirkətinin göndərdiyi suya ehtiyacı var.
“Samarco” su ilə bağlı problemləri 90 gün müddətinə aradan qaldırmağı planlaşdırır. Şirkət 270 milyon dollar məbləğində kompensasiya, habelə 67 milyon dollar cərimə ödəməyə razılaşıb. Kompensasiya suyun təmizlənməsinə və təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına sərf ediləcək.UG