CƏMİYYƏT
Alimlər: Bir çox dənli bitkilər 2070-ci ildə yox ola bilər
Bakı, 30 sentyabr, AZƏRTAC
Qlobal istiləşmə 2070-ci ildə ərzaq və kənd təsərrüfatı bitkilərinin bir çox növlərini məhv edə bilər.
AZƏRTAC ecoportal.su saytına istinadla xəbər verir ki, bu barədə “New Scientist” portalı məlumat yayıb. ABŞ-ın Arizona ştatının alimləri bununla bağlı tədqiqat aparıblar. Onların araşdırmalarının nəticələri “Biology Letters” elmi jurnalında dərc olunub. Alimlər belə qənaətə gəliblər ki, iqlim dəyişikliyi əvvəlki dövrlərə nisbətən daha sürətlə gedir. Qlobal istiləşmə Yer üzündə bir neçə dəfə baş verib. Amma proses sürətlə getmədiyi üçün bitkilər yeni şəraitə uyğunlaşa bilib.
Yeni araşdırma isə göstərir ki, mövcud qlobal istiləşmənin sürəti beş min dəfə bitkilərin dəyişikliklərə uyğunlaşmaq qabiliyyətini üstələyir. Bütün dünyada bitən 236 növ bitki haqqında məlumat təhlil olunub. Hesablamalara görə, bir çox dənli bitkilər artıq 2070-ci ildə yox ola bilər. Təhlükə altında olan bitkilərinin siyahısına Yer üzündəki insanların yarısının ərzaq tələbatını ödəyən buğda və düyü daxil edilib. Alimlər, həmçinin mal-qaranın yemlənməsində istifadə edilən çovdar, arpa, qarğıdalı və ot kimi kənd təsərrüfatı bitkilərinin məhv olmasının mümkünlüyü barədə xəbərdarlıq edirlər.
Alimlərin sözlərinə görə, qlobal istiləşmə planetimizin bəzi yerlərində aclığa gətirib çıxara bilər.