ELM VƏ TƏHSİL
Alimlər Evində akademik Xoşbəxt Yusifzadə ilə görüş olub
Bakı, 26 may, P.İmanova, AZƏRTAC
Mayın 26-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında AMEA-nın Alimlər Evinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti, Dövlət Mükafatı laureatı, “İstiqlal”, “Şöhrət”, “Şərəf” ordenli, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunmuş, akademik Xoşbəxt Yusifzadə ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycan neft sənayesinin inkişafında mühüm xidmətləri olan görkəmli alim X.Yusifzadənin həyat və fəaliyyətindən söz açıb. Bildirilib ki, akademik X.Yusifzadə Xəzər dənizində neçə-neçə neft və qaz yataqlarının kəşfində və işlənilməsində böyük əmək sərf edib, görkəmli neftçi-alimin fəaliyyəti hər bir gənc azərbaycanlı neftçi üçün örnəkdir. Vurğulanıb ki, Xoşbəxt müəllimi Azərbaycan neft-qaz sənayesinin canlı ensiklopediyası da adlandırmaq olar.
AMEA-nın rəhbəri akademikin elmi nailiyyətlərindən,1994-cü ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə başlanan neft strategiyasından, “Əsrin müqaviləsi”nin imzalanmasından, akademik X.Yusifzadənin iştirakı ilə bir sıra neft yataqlarının aşkarlanmasından və hasilatından söz açıb. Qeyd edilib ki, X.Yusifzadənin rəhbərliyi və bilavasitə iştirakı ilə bir sıra yeni üsulların və mütərəqqi metodların istehsalatda tətbiqi nəticəsində Xəzər dənizində 20 neft və qaz-kondensat yatağı kəşf edilib. Bunlardan Xəzərin Azərbaycan sektorunda ”Bahar”, ”Səngəçal-dəniz”, ”Duvannı-dəniz”, ”Xərə-Zirə adası”, ”Xərə-Zirə-dəniz”, ”Günəşli”, ”Çıraq”, ”Azəri, ”Kəpəz”,”Şahdəniz” və digər yataqları göstərmək olar. “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının alim tərəfindən kəşf edilməsi müasir dövrümüzdə Azərbaycanın gələcək inkişafını da təmin edib. Bu gün Azərbaycan dövləti və onun regionları bu sahədə qazanılan uğurların nəticəsində sürətlə inkişaf edir. Qeyd olunub ki, alimin fəaliyyəti daim dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, Azərbaycanın bir sıra ali mükafatlarına layiq görülüb.
Görüşdə akademik X.Yusifzadə Azərbaycan neftinin tarixindən, ulu öndər Heydər Əliyevin neft strategiyasının bəhrələrindən, “Əsrin müqaviləsi” ilə bağlı əsas məqamlardan, xarici şirkətlərlə aparılan danışıqlardan, imzalanan müqavilələrdən danışıb. “Əsrin müqaviləsi” ərəfəsində ölkədəki vəziyyətin ağır olduğunu söyləyən akademik belə bir çətin və mürəkkəb vaxtda ikinci dəfə siyasi rəhbərliyə gələn Ümummilli Liderin respublikanın neft sənayesi ilə yaxından məşğul olmağa başladığını söyləyib. Bu sahənin inkişafında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışan alim tarixə “Əsrin müqaviləsi” adi ilə daxil olan ilk neft müqaviləsini iqtisadi və siyasi cəhətlərini təhlil edib, bu tarixi sənədlə Azərbaycanın neft sənayesində yeni mərhələnin başlandığını qeyd edib.
Diqqətə çatdırılıb ki, hazırda Prezident İlham Əliyev təməli “Əsrin müqaviləsi” ilə qoyulan neft-qaz strategiyasını uğurla inkişaf etdirir, yeni çalarlarla zənginləşdirir. Ömrünün 63 ilini Azərbaycanda neft elminin və sənayesinin inkişafına həsr etdiyini söyləyən akademik hər bir uğurun və nailiyyətin əsasında zəhmətin durduğunu söyləyib.
Tədbirdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Azərbaycan neft sənayesinin canlı əfsanəsi X.Yusifzadənin fəaliyyətindən və bu sahənin inkişafında akademikin tarixi xidmətlərindən danışıb.
Sonda X.Yusifzadəyə həsr edilən film nümayiş olunub.