CƏMİYYƏT
Alimlər: İqlim dəyişikliyi biomüxtəliflik üçün əsas təhlükə deyil
Bakı, 12 avqust, AZƏRTAC
Qlobal iqlim dəyişiklikləri, o cümlədən ekstremal istilər, quraqlıq və dünya okeanının səviyyəsinin qalxması planetimizə öz təsirini göstərir. Lakin bu, bəşəriyyətin qoruduğu flora və fauna üçün heç də ən böyük təhlükə deyil.
AZƏRTAC ecoportal.ru saytına istinadla xəbər verir ki, Avstraliyadakı Kvinslend Universitetinin bir qrup alimi nəsli kəsilməkdə olan bitki və heyvanların 8 min 600 növünü təhlil edib. Nəticələrə əsasən tədqiqatçılar belə qənaətə gəliblər ki, insan fəaliyyəti ilə bağlı olan meşələrdə ağacların kəsilməsi, ov, o cümlədən balıq ovu bu təbii ehtiyatlar üçün ən böyük təhlükədir.
Tədqiqatçıların fikrincə, bitki və heyvan növlərinə kənd təsərrüfatı fəaliyyəti 62 faiz, şəhər tikintisi 35 faiz, havanın çirkləndirilməsi isə 22 faiz mənfi təsir göstərir. Maraqlıdır ki, iqlim dəyişikliyi nəsli kəsilməkdə olan növlər üçün daha böyük təhlükələr siyahısında 7-ci yerdə gəlib.