ELM VƏ TƏHSİL
Alimlər doqquzuncu planetin Günəş sistemindən uzaqda yerləşməsinin səbəbini araşdırırlar
Bakı, 17 yanvar, M.Dadaşov, AZƏRTAC
Məlum olduğu kimi, bir il öncə astronomlar Günəş sisteminin üfüqlərində yerləşdiyi ehtimal olunan yeni bir planetin mövcudluğuna dair dəlillər irəli sürüblər. Həmin vaxtdan etibarən alimlər belə bir planetin mövcudluğu ilə bağlı müxtəlif araşdırmalar aparıblar.
AZƏRTAC “Popular science” saytına istinadla xəbər verir ki, Amerika astronomlarının elmi toplantısında alimlər tərəfindən təqdim olunmuş yeni hesabatlar naməlum planetin Günəş tərəfindən bir növ “oğurlandığını” irəli sürür. Doqquzuncu planetin Yer kürəsindən 10 dəfə böyük olması və Günəşdən 1000 dəfə uzaqda yerləşməsi ehtimal edilir. Bu zaman alimlər yeni planetin Günəşdən bu qədər necə uzaq düşdüyü sualını ortaya qoyurlar.
Astronavt Mayk Braun və astrofizik Konstantin Batigin belə bir fikir irəli sürüblər ki, həmin göy cismi digər planetlər kimi Günəşə normal uzaqlıqda formalaşıb, sadəcə ətrafında baş vermiş dağıdıcı proseslər nəticəsində təzyiqlə Günəşdən uzaqlaşıb.
Yeni Meksika Dövlət Universitetinin tədqiqatçıları Ceyms Vesper və Paul Mason isə simulyasiya vasitəsilə müxtəlif ölçülərdə olan bu cür naməlum planetlərin Günəş sistemi ilə qarşılaşması zamanı hansı proseslərin baş verəcəyini müşahidə ediblər. Məlum olub ki, bu cür planetlər əksər hallarda sistemdən uzaqlaşırlar.