ELM VƏ TƏHSİL
Alimlər ilk dəfə DNT-nin köməyilə kompüterə müdaxilə edə biliblər
Bakı, 15 avqust, AZƏRTAC
ABŞ-ın Vaşinqton Universitetində işləyən alimlər qrupu ilk dəfə dezoksiribinuklein turşusunun (DNT) köməyilə kompüteri zərərverici proqram təminatı ilə yoluxdurmağa nail olublar.
AZƏRTAC indicator.ru saytına istinadla xəbər verir ki, alimlər sekvensiya zamanı istifadə olunan açıq kodlu populyar proqrama müdaxilə yolu ilə kompüterdə yaddaşın dolmasını icra ediblər. Yaddaşın dolması kompüterdə ixtiyari kodu yerinə yetirməyə imkan verən populyar boşluq tipidir. Zərərverici kodu DNT-nin molekuluna yazmağa müvəffəq olmuş alimlər DNT-ni təhlil edən kompüterə giriş əldə ediblər.
Alimlər bildiriblər ki, aşkar edilmiş hücum növünün təcrübədə tətbiqi ehtimalı hələlik bir neçə səbəbə görə azdır. Lakin belə son dərəcə təhlükəli boşluqlar sayəsində gələcəkdə hakerlər məxfi məlumatlara giriş əldə edə bilərlər.