DÜNYA
Alimlər videoda insanın baxış istiqamətini dəyişdirməyə nail olublar
Bakı, 26 avqust, AZƏRTAC
Rusiyanın Skolkovo Elm və Texnologiya İnstitutunun (Skoltex) alimləri tərəfindən hazırlanmış alqoritm real vaxt rejimində videotəsvirdə insan baxışının istiqamətini dəyişdirir.
AZƏRTAC TASS agentliyinə istinadən xəbər verir ki, videorabitə (məsələn, “Skype”) ilə danışıq zamanı həmsöhbətlər, adətən, kameraya deyil, ekrana baxır və bunun nəticəsində onun baxışı ya aşağı, ya da kənara zillənmiş olur. Eyni anda mətn oxumalı və tamaşaçılara baxmalı olan televiziya diktorları da oxşar problemlə üzləşir.
“Skoltex”in alimləri kompyuterin neyron şəbəkəsinə əsaslanan sistem yaradıblar. İlk öncə xüsusi alqoritmin köməyi ilə kadrda gözün sahəsi məhdudlaşdırılır və xarakterik nöqtələr toplusu hesablanır. Bu məlumatlar neyroşəbəkəyə daxil olur və insanın baxış istiqamətini dəyişir.
İstehsalçılar hesab edirlər ki, onların layihəsi yalnız videorabitə üçün deyil, həm də foto və kino sənayesi üçün zəruridir.