ELM VƏ TƏHSİL


Alimlərimiz Rusiyanın dənli bitkilər üzrə elmi-tədqiqat institutlarının seleksiya işləri ilə tanış olublar

Bakı, 7 iyun, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun dənli taxıl və paxlalı bitkilər şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Xanbala Rüstəmov və molekulyar sitogenetika şöbəsinin doktorantı Güllər Qədiməliyeva Rusiya Federasiyasında beşgünlük ezamiyyətdə olublar.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, onlar “Payızlıq Buğdanın Yaxşılaşdırılması üzrə Beynəlxalq Proqram” (İWWİP) çərçivəsində Krasnodar və Rostov şəhərlərində payızlıq buğda üzrə beynəlxalq səyyar seminarda iştirak ediblər.

Tədbirdə Rusiyada seleksiyanın tarixi, nailiyyətləri və perspektivləri, payızlıq buğdanın yaxşılaşdırılması üzrə beynəlxalq proqramın əhəmiyyəti, Türkiyədə buğdanın seleksiyası və istehsalı, iqlim dəyişmələri ilə əlaqədar payızlıq buğdanın seleksiyasının əsas istiqamətləri və yekunları, marker seleksiyasının əsas istiqamətləri, seleksiya işi və dünyada buğda istehsalının əsas tendensiyalarına dair təqdimatlar olub. Səyyar seminarda, həmçinin digər ölkələrdə, o cümlədən Azərbaycanda payızlıq buğdanın seleksiyası sahəsində alınmış elmi nəticələr, mövcud problemlər müzakirə edilib və gələcək üçün əməkdaşlığın istiqamətləri işlənib hazırlanıb.

Səfər müddətində alimlərimiz Rusiyanın dənli bitkilər üzrə elmi-tədqiqat institutlarının seleksiya işləri, toxumçuluq təsərrüfatları, eləcə də fermerlərin taxıl sahələri ilə tanış olublar.

İWWİP proqramının əsas məqsədi Mərkəzi və Qərbi Asiya regionu üçün payızlıq və fakültativ buğdanın seleksiyası çərçivəsində genetik materialların introduksiyası və mübadiləsinin həyata keçirilməsini müzakirə etmək, əldə olunmuş nəticələri paylaşmaqdır. Bu proqram 2007-ci ildə Türkiyədən başlayaraq hər iki ildən bir müxtəlif ölkələrdə həyata keçirilir. Əvvəlki seminarlar Türkiyə, Ukrayna, Bolqarıstan, Rumıniya, Özbəkistan və Gürcüstanda, 2015-ci ildə isə Azərbaycanda keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.