ELM VƏ TƏHSİL
Alimlərimiz “Şərq numizmatikası” mövzusunda konfransda iştirak edirlər
Moskva, 26 sentyabr, AZƏRTAC
Sankt-Peterburqda Dövlət Ermitajı muzeyində “Şərq numizmatikası” mövzusunda konfrans keçirilir.
Rusiyadakı səfirliyimizdən AZƏRTAC-a bildiriblər ki, konfransda ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, professor Əli Rəcəbli, AMEA-nın İnsan Hüquqları İnstitutunun böyük elmi işçisi Rizvan Hüseynov və Sankt-Peterburqda yaşayan soydaşımız, tarix elmləri namizədi Anar Sadıqov təmsil edir. Alimlərimizin konfransda iştirakı Azərbaycan Xarici İşlər Nazirliyinin göstərişinə əsasən, Rusiyadakı səfirliyimizin və Sankt-Peterburqdakı baş konsulluğumuzun birgə səyləri nəticəsində reallaşıb.
Sentyabrın 29-dək davam edəcək konfransda Əli Rəcəblinin “XVII-XIX əsrlərdə Azərbaycan xanlıqlarında sikkələrin kəsilməsi və pul dövriyyəsi” mövzusunda məruzəsi dinləniləcək.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva