ELM VƏ TƏHSİL
Alimlərimiz “Web of Science” məlumat platformasının imkanları barədə məlumatlandırılıblar
Bakı, 28 noyabr, AZƏRTAC
Noyabrın 28-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Thomson Reuters” təşkilatı tərəfindən akademiyanın alim və mütəxəssisləri üçün “Web of Science” məlumat platforması: müasir elmi nəşrlərin beynəlxalq standartları” mövzusunda maarifləndirici seminar keçirilib.
AMEA-da AZƏRTAC-a bildiriblər ki, seminarın təşkilinin məqsədi akademiyanın elmi müəssisələrinin alim və mütəxəssislərini beynəlxalq “Web of Science” məlumat platformasının imkanları və əsas elementləri, onunla əlaqəli informasiya resursları, həmçinin müasir beynəlxalq elmi jurnallarda məqalələrin dərc olunması qaydaları ilə tanış etməkdir.
Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev bu ilin oktyabrında akademiya ilə “Thomson Reuters” təşkilatı arasında əməkdaşlıq müqaviləsinin imzalandığını xatırladıb. Vurğulanıb ki, müqaviləyə əsasən, AMEA-nın elmi müəssisələri üçün “Web of Science” məlumat platformasından istifadə imkanı yaradılıb. Təşkilatla əməkdaşlığı yüksək dəyərləndirən akademik seminarın alim və mütəxəssislər üçün qlobal elmi bazaya çıxış təcrübəsi qazanmaq baxımından faydalı olacağını bildirib.
Seminarda təqdimatla çıxış edən, “Thomson Reuters” təşkilatının MDB ölkələri üzrə nümayəndəsi Valentin Boqorov “Web of Science” məlumat platforması haqqında danışıb. Diqqətə çatdırılıb ki, bu platformada elmi nəşrlərin aparıcı beynəlxalq məlumat bazası, eləcə də elmi istinadların və elmi tədqiqatların bir sıra məlumat bazaları yerləşir.
V.Boqorov, həmçinin təbiət, texnika, ictimai, humanitar və digər sahə elmləri üzrə elmi jurnalların göstəriciləri, beynəlxalq istinad səviyyəsi haqqında məlumat verib.
Seminarda “Web of Science” saytında axtarış vasitələrindən səmərəli istifadə yolları əyani nümayiş etdirilib.